Tarixdən səhifələr

Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin yaradılması

Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti - valideynlərini itirmiş uşaqlara, yoxsul ailələrə və qaçqınlara yardım etmək məqsədilə yaradılmış qeyri- hökumət xeyriyyəçilik qurumu olmuşdur.

Cəmiyyətin təsisçisi fəal maarifçi Rəhilə Hacıbababəyova idi. Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin idarə heyətinin sədri M.S.Tağıyeva, sədrin müavini Rəhilə Hacıbababəyova, katibi Əminə Ağayeva, xəzinədarı Pəri Topçubaşova seçilmişdilər.

Xeyriyyəçiliklə yanaşı, müsəlman qadınları arasında savadlılığı və maarifçiliyi yaymaq, şagirdlərə maddi yardım göstərmək cəmiyyətin başlıca məqsədinə çevrildi. Nizamnaməsi hakimiyyət orqanları tərəfindən təsdiq edildikdən sonra, 1914-cü il noyabrın 21-də Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti məşhur neft milyonçusu Murtuza Muxtarovun həyat yoldaşı Liza xanım Muxtarovanın (Tuqanova) sədrliyi ilə fəaliyyətini davam etdirdi.

Birinci Dünya müharibəsinin əvvəllərində Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinə rəhbərlik edən Liza xanım bu qurumun sıralarında Sara Vəzirova, Pəri Topçubaşova, Rəhilə Qaziyeva və başqalarını birləşdirdi. Xeyriyyəçi qadınlar kasıb ailələrdən olan qızlara qəyyumluq edirdilər. Fəaliyyətində maarifçilik işləri xüsusi yer tutan Liza xanım Muxtarova (Tuqanova) özünün Persidski küçəsindəki (indiki M.Muxtarov küçəsi) möhtəşəm sarayında yetim müsəlman qızlar üçün pansion təşkil etdirdi. Cəmiyyətin həyata keçirəcəyi bütün işlər, zəruri məsələlər onun evində müzakirə olunurdu. Liza xanımın təşəbbüsü ilə qız məktəbində tamaşalar təşkil edilirdi.

Həmin illərdə maarifçilik sahəsində məqsədyönlü işlərin həyata keçirilməsinə böyük ehtiyac duyulurdu. Məktəblərin sayı az idi. Savadsızlıq cəmiyyətdə ətalətin yaranmasına rəvac verirdi. Bu səbəbdən də oxumağa, savad almağa meyil göstərənlərin sayı çox deyildi. Oğlan uşaqlarının da məktəbə, təhsilə cəlb edilmədiyi bir dövrdə qız övladlarının maariflənməsinə xüsusilə laqeyd yanaşılırdı.

Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti qızların oxuması, təhsil alması istiqamətində fəaliyyətə başladı. Cəmiyyətin maarifçilik sahəsində ən mühüm xidmətlərindən biri Bakıda yoxsul qızlar üçün peşə məktəbi açması oldu. 1917-ci ilin oktyabrından fəaliyyət göstərən məktəbdə 4 ümumtəhsil sinif və 6 peşə bölməsi yaradıldı. Burada türk dili, hesab, əl işi, biçmə və tikiş üzrə dərslər keçilirdi.

1918-ci ilin martında erməni daşnakları Bakıda soyqırım törətdilər. O dəhşətli günlərdə məktəbin fəaliyyətini davam etdirmək mümkün olmadı.

1919-cu ilin əvvəllərində Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti məktəbi bərpa etdi. Təhsil müəssisəsinin daha səmərəli fəaliyyət göstərməsi məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti cəmiyyətə 30 min manat vəsait ayırdı. Məktəb azərbaycanlı qızların savadlanmasında, onlara milli-mənəvi dəyərlərin aşılanmasında, ailədə və cəmiyyətdə öz hüquqlarını anlamasında böyük rol oynadı.

1920-ci ildə, aprel ayında bolşeviklərin işğalından sonra Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti fəaliyyətini dayandırdı.


Tövsiyə edilən ədəbiyyat:

  1. Əhmədov, Hümeyir Hüseyn oğlu. Azərbaycanda xeyriyyə cəmiyyətlərinin maarifçilik fəaliyyəti /Hümeyir Əhmədov; Elmi red.: Ə. Ağayev; Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu. - Bakı: Mütərcim, 1997. - 56 s.
  2. Azərbaycanın ilk qeyri-hökumət təşkilatları / Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, "Milli Jurnalistika Konqresi" İctimai Birliyi ; tərt., elmi red. N. Q. Yaqublu. - Bakı : Elm və təhsil, 2013. - 96 s.
  3. Süleymanova, Sevda Yunis qızı. Azərbaycanda ictimai-siyasi hərəkat: XIX əsrin sonu - XX əsrin əvvəlləri : monoqrafiya / S. Y. Süleymanova ; elmi red. İ. M. Musa. - Düzəliş və əlavələr edilmiş II nəşri. - Bakı : Optimist MMC, 2022. - 492 s.
  4. XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakı şəhərində mədəniyyətin inkişafı tarixindən səhifələr : sənədlər toplusu / Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ; məsul red. Ə. Rəsulov. - Bakı : Elm və təhsil, 2022. - 128 s.