Tarixdən səhifələr

Oksford lüğətinin ilk buraxılışı

Dilin yaranma və inkişaf tarixini diliçiliyin lüğətçilik sahəsi kimi mühüm əhəmiyyət kəsb edən elm sahəsi öyrənir. Lüğətlər xalqların qədim dövr dil tarixini öyrənməyə imkan yaradır. Buna görə lüğətçilik dilçiliyin ən mühüm sahələrindən biri hesab olunur. Bilinən ən qədim lüğət müasir Suriya ərazisində qədim Ebla dövlət-şəhərinin xarabalıqlarında (Hələbdən 70 km сənubda, indiki Təll-Mərdih rayonunda) aşkarlanan təxminən eramızdan əvvəl 2300-cü ilə aid ikidilli şumercə - akkadca söz siyahılarından ibarət mixi yazılı lövhələrdir. Bir çox mənbələrdə e.ə. III əsrə aid Çin lüğəti Erya ilk izahlı lüğət olaraq göstərilib. Lakin qədim Eblada birdilli şumer lüğətlərinin də tapıldığı bildirilir.

İngilis leksikoqrafiyasının ilkin inkişaf dövrü XIV əsr hesab edilir. Bu zaman yeni ikidilli lüğətlər hazırlanıb. Rayt (Wright) və Vülker (Wülcker) tərəfindən tərtib edilən “Latın-ingilis lüğəti” XV əsrin əhəmiyyətli lüğətlərindən biridir. Sözləri ingilis ekvalentləri ilə verən ilk birdilli ingilis lüğəti 1604-cü ildə nəşr edilib. İngiltərədə 1721-ci ildən lüğətlərdə tələffüz və etimologiya  məsələlərindən bəhs etməyə üstünlük verilməyə başlanılır. O dövr üçün buna ən yaxşı nümunə kimi “An Universal Etymological English Dictionary” lüğətini misal göstərmək olar. XX əsrin birinci yarısında İngilis və amerikan nümunələri əsasasında lüğətçilik tarixi müstəqil elm sahəsi kimi formalaşır.

İngilis leksikoqrafiyasının qızıl dövrü isə, XIX əsrin sonları hesab edilir. Bu dövrdə “İngilis Filologiya Cəmiyyəti” tərəfindən təklif olunan “Oksford İngilis Dili Lüğəti” (The Oxford English Dictionary) hazırlanır. 1857-ci ildə dilin elmi tədqiqinə həsr olunmuş Londonda yerləşən “Filologiya Cəmiyyəti” tərəfindən irəli sürülən ilk təklif ingilis dili lüğətlərinin çatışmamazlığını aradan qaldırmaq və “Yeni İngilis dili lüğəti” nin (əvvəlcə belə adlanırdı) tərtib edilməsini həyata keçirmək olur. Riçard Çeneviks Trenç (Richard Chenevix Trench), Herbert Kolric (Herbert Coleridge) və Frederik Fönivoll (Frederick Furnivall) tərəfindən rəhbərlik edilən, ingilis dilinin Anqlo-sakson (Anglo-Saxon) dövründən etibarən yenidən nəzərdən keçirilməsi nəzərdə tutulan bu layihə böyük vaxt və gərgin əmək tələb edib. Lüğət ingilis dili tarixinin bütün dövrlərinə aid çap mənbələrindən götürülmüş istifadədə olan sözlərin faktiki sübutlarına əsaslanmalı idi. Buna görə layihə rəhbərləri İngilis ədəbiyyatını araşdırmaq və sözlərin istifadəsini göstərmək, sitatlar çıxarmaq üçün bir qrup könüllü oxucu toplamalı olmuşlar. Lakin 1861-ci ildə baş layihə rəhbəri Herbert Kolric öldükdən sonra çox az irəliləyiş əldə olunduğuna görə, “İngilis Filologiya Cəmiyyəti” nin üzvlərindən olan, Ceyms Mürre (James Murray) yeni redaktor təyin edilir. Lüğətin redaktoru kimi o, könüllü oxuma proqramını canlandırır və əvvəlcə Londonun Mill Hilldəki evində, daha sonra isə Oksforddakı evində “Skriptorium” adlandırdığı dəmir anbarda kiçik işçi heyəti yaradır. Mürre ilə yanaşı işləmək üçün əlavə üç redaktor da təyin edilir. Henri Bredli (Henry Bradley), Uilyam Kreyqi (William Craigie) və Çarlz Onyonz (Charles Onions) hər biri öz köməkçi qrupları ilə birlikdə əlifbanın müxtəlif bölmələri üzərində işləyirlər. 1879-cu ildə “Oksford Universitet Nəşriyyat”ı əsəri çap etməyə razı olduqdan beş il sonra ingilis dilindən ingilis dilinə şərhli lüğətin birinci versiyası “Tarixi Prinsiplər üzrə Yeni İngilis dili lüğəti” adı altında ilk dəfə 1884-cü il fevralın 1-də nəşr edilir. Bu lüğətin tərtib edilməsində əsas məqsəd ingilis sözlərinin qədim ingilis dilindəki formalarını, köhnə ingilis dilində tapmaqla, dilə nə zaman daxil olduqlarını göstərmək, sözlərin mənaları ilə tarixi əlaqəsini öyrənərək, onların inkişafını izləməkdən ibarət olub. Əvvəlcə planlaşdırıldığı kimi dörd cilddə 6,400 səhifə əvəzinə, 250,000-dən çox əsas qeyd və təxminən 2 milyon sitatı ehtiva edən, 12-ci əsrdən bu günə qədər istifadə olunan ingilis sözlərindən ibarət on cild nəzərdə tutulan əsərin 10-cu cildi 1928-ci il aprelin 19-da yekunlaşır. Mürrenin həyatını həsr etdiyi iş dünyanın hər hansı bir yerində nəşriyyat tarixində görünməmiş bir nailiyyət idi. Təəssüflər olsun ki, Mürre (1837-1915) və Bredli (1845-1923) vəfat etdikləri üçün kitabın tamamlanmasını görə bilmirlər.

1933-cü ildə Yeni İngilis dili Lüğəti (NED) Oksford İngilis dili Lüğəti (OED) adı altında Oksforddakı “Clarendon Press” tərəfindən 12-ci cild və əlavələr şəklində yenidən nəşr edilir. İkinci Dünya Müharibəsindən sonra Oksford Universiteti Nəşriyyatı lüğətin (OED) baş qərargahını bərpa etmək qərarına gəlir. 1957-ci ildən başlayaraq tamamlanması yeddi il çəkən təxminən 1300 səhifəlik bir cildlik nəzərdə tutulan əsər 1972-1986-cı illər arasında nəşr olunur və təxminən 5750 səhifəlik dörd cildlik əsərə çevrilir.

1990-ci illərin əvvəllərində Nəşriyyat bu monumental lüğəti müasir dövrə necə gətirmək barədə düşünməyə başlayır. Əvvəl birinci nəşr və əlavələrin birləşdirilməsi qərara alınır və bu da, məlumatların elektron formaya çevrilməsini tələb edir. Redaktorlar Con Simson  (John Simpson) və Edmund Ueynerin (Edmund Weiner) rəhbərlik etdiyi komanda yeni elektron mətni nəzərdən keçirən, düzəldən və redaktə edən, həmçinin 5000 yeni söz əlavə edən işin təxminən 85%-ni proqram təminatı ilə həyata keçirməyə müvəffəq olurlar.  

1998-ci ildə “Oxford University Press” tərəfindən nəşr olunmağa başlayan “Oksford İngilis Dili Lüğəti” əvvəlki versiyalara əsaslanmır və eyni seriyanın davamı hesab olunur. Bununla belə, OED bu gün 350 mindən çox sözlə ən əhatəli ingilis dili lüğətidir. Oksford İngilis dili lüğəti bir əsr yarımdan çox müddətə böyüyən və daim dəyişən canlı sənəddir. Oksford İngilis Dili Lüğəti lüğətçilik tarixinin ən mükəmməl nəşrlərindən biri kimi tarixi əhəmiyyət kəsb edir və daim yenilənir (elektron versiyada). “Oksford İngilis Dili Lüğəti” keçmişdə olduğu kimi bu gün də aktualdır və o, təkcə ingilis dilinin təkamülünün mühüm qeydini təqdim etmir,  həm də ingilisdilli cəmiyyətin davamlı inkişafına şahidlik edən təkrarolunmaz əsər sayılır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Terminologiya məsələləri: toplu /AMEA, Terminologiya Komissiyası ; red. S. Sadıqova ; red. hey. A. Əlizadə [və b.]. - Bakı: Elm, 2013. - 180 s.
  2. Гальперин, Р. Лексикология английского языка /Р.Гальперин. - Москва: [s.n.], 1956. - 297 c.
  3. Орембовская, Мария Николаевна. English lexicology/М. Н. Орембовская, Т. С. Гварджаладзе, Т. Н. Орембовская. - Тбилиси: Цодна, 1964. - 132 с.