15 aprel dünyada Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Bu tarix 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqəlidir. Beynəlxalq hüquq təcrübəsində bu gün Rerix paktı kimi də tanınır və dünyanın bir çox ölkəsində qeyd olunur.
Tarix və mədəniyyət abidələrinin xarici qüvvələrin dağıdıcı təsirindən qorunmasını tənzimləyən qaydalar ideyası məhz rəssam və filosof Nikolas Rerix tərəfindən yaradılıb. 20-ci əsrin əvvəllərində, müharibələr və ərazilərin yenidən bölüşdürülməsi dövründə milli antik dövr abidələrini öyrənərkən onların qorunmasının nə qədər vacib olduğunu başa düşən rəssam 1914-cü ildə Rusiya hökumətinə və digər hökumətlərə müraciət edir. Lakin sonradan bu müraciət cavabsız qalır. 1929-cu ildə o, müxtəlif ölkələrin hökumətlərə və xalqlara mədəni irsin qorunmasının hərbi zərurətdən üstünlüyünü təsdiq edən beynəlxalq müqavilənin təkmil formada işlənmiş layihəsi ilə müraciət edir. Onu bu işdə Albert Eynşteyn, Bernard Şou, Herbert Uells, Tomas Mann və o dövrün digər bir çox tanınmış mədəniyyət və elm xadimləri dəstəkləyirdi.
Bundan sonra N.Rerix Pakt üzərində işləməyə davam edir. Daha sonra 1931-ci ildə Belçikada keçirilən Rerix Paktı I Beynəlxalq Konfransı zamanı o, Ümumdünya Mədəniyyət Gününün təqdim edilməsini təklif edir. 1935-ci il aprelin 15-də Vaşinqtonda, Ağ Evdə 21 dövlətin başçıları Yer kürəsinin tarixində onun yaradıcısının adını daşıyan “Bədii və elmi müəssisələrin və tarixi abidələrin mühafizəsi haqqında” ilk beynəlxalq müqaviləni imzalayırlar. Bu razılaşma da məhz onun adını daşıyır və “Rerix Paktı” adlandırılır. 1935-ci ildə Nyu-Yorkda Rerix paktının rəsmi simvolu olan Sülh Bayrağına həsr olunmuş bayram tədbiri keçirilirdi. Rəssam onu ağ fonda qırmızı dairəyə daxil edilmiş üç qırmızı dairə kimi təsvir etmişdi.
1998-ci ildə Beynəlxalq Reriklər Mərkəzi tərəfindən iki il əvvəl təsis edilmiş Mədəniyyətin Müdafiəsi üzrə Beynəlxalq Liqa Paktın imzalanma tarixini Beynəlxalq Mədəniyyət Günü kimi qeyd etmək təşəbbüsü ilə çıxış edir. Bu, fəaliyyəti mədəniyyət, incəsənət, elm və dinin nailiyyətlərinin qorunmasına və artırılmasına yönəlmiş ictimai təşkilatdır. Nəhayət, 2008-ci ilin dekabrında Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba, Latviya və Litvanın ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprelin dünya bayrağı altında Ümumdünya Mədəniyyət Günü kimi təsdiqi üçün beynəlxalq hərəkat yaradılıb.
Rerix Paktı mədəni irsin qorunması ilə bağlı ilk beynəlxalq sənəd sayılır. Sənədi 20-yə yaxın ölkə imzalamışdı. Sonradan bu paktın bır sıra müddəaları BMT və UNESCO-nun mədəni irslə bağlı sənədlərində əksini tapıb və inkişaf etdirildi.
Azərbaycan qədim zamanlardan dünya mədəniyyətinin zəngin bir parçası kimi tanınıb və bəşəriyyətin mədəni inkişafına öz töhfələrini verib. Azərbaycan xalqı tarixən öz mədəni özünəməxsusluğunu qoruyaraq gələcək nəsillərə ərməğan edib. Ölkəmizdəki bu özünəməxsusluq həm də çoxmədəniyyətliliklə bağlıdır. Yəni tarixən müxtəlif dinə, etnik mənsubiyyətə malik xalqlar Azərbaycanda tolerant şəkildə yaşamışlar. Dünyaya örnək olan bu birgəyaşayış ölkəmizdə problemlərlə, qarşıdurmalarla deyil, mədəni zənginliklə müşayiət olunmuşdur.
Bu gün Azərbaycan malik olduğu zəngin mədəni irslə beynəlxalq aləmdə məşhurdur. Həmçinin ölkəmiz dünyanın ən böyük mədəniyyət təşkilatı olan UNESCO ilə sıx əməkdaşlıq edir, Azərbaycanın mədəni dəyərləri bu qurum vasitəsilə dünyada təbliğ olunur. UNESCO-nun müvafiq siyahılarında çox sayda maddi və qeyri-maddi mədəni irs nümunəmiz yer alır.
Mədəni irsimizin qorunması, gələcək nəsillərə çatdırılması və dünyada tanıdılmasında Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyevanın misilsiz xidmətləri var. Heydər Əliyev Fondu Azərbaycan mədəniyyəti ilə yanaşı, dünya mədəni irsinin qorunması və bərpasına da öz töhfələrini verir. Bu da onu göstərir ki, Azərbaycan mədəniyyət məfhumuna qlobal kontekstdə yanaşır.
Tövsiyə edilən ədəbiyyat: