Tarixdən səhifələr

İnşaatçılar Günü

Bu gün ölkəmizdə inşaatçıların peşə bayramıdır. Prezident İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə hər il aprelin 10-u respublikamızda İnşaatçılar Günü kimi qeyd edilir. Dövlət başçısı tərəfindən belə bir Sərəncamın imzalanması, ilk növbədə inşaat sahəsində çalışanlara verilən dəyərdir.

İnşaat və memarlıq sahəsində qədim tarixi ənənələrə malik olan ölkəmiz maddi mədəniyyət nümunələri ilə hər zaman dünyanın diqqət mərkəzində olub. Qiymətli maddi mədəniyyət nümunəsi hesab olunan İçərişəhər və onun ərazisində yerləşən Qız qalası, Şirvanşahlar Saray Kompleksi UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilib. Bu, Azərbaycanın dünya mədəni irsinə töhfəsi hesab olunur.

Ölkəmizdə XIX əsrin sonları - XX əsrin əvvəllərində tikinti-quruculuq işləri daha geniş vüsət alıb. Bu günədək qorunub saxlanılan həmin binalar Şərq və Qərb memarlığının nadir nümunələrini özündə ehtiva edir.
Ümummilli lider Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi illərdə ölkəmizdə tikinti sahəsi sürətlə inkişaf edib. Bu illər ərzində ulu öndərin tapşırığı ilə neftayırma və neft emalı zavodlarının tikintisinə, kimya və metallurgiya sənayesi və digər sahələrdə böyük həcmdə tikinti-yenidənqurma işləri aparılıb. Kür su kəmərinin, metrostansiyaların, Yeni Bakı Neftayırma Zavodunun emal kompleksinin, Bakı Məişət Kondisionerləri Zavodunun, Qaradağ rayonunda nəhəng Dərin Özüllər Zavodunun fəaliyyətə başlaması Heydər Əliyevin diqqət və qayğısının nəticəsidir.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tikinti sektoru ciddi çağırışlarla üzləşdi. Lakin Ümummilli lider Heydər Əliyevin strateji siyasəti nəticəsində ölkə sürətli bərpa və modernizasiya dövrünə qədəm qoydu.

Ulu öndərin siyasi xəttinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycanda böyük tikinti-quruculuq işləri aparılır. Son illər qəbul edilən dövlət proqramlarının uğurlu icrası iqtisadiyyatın kompleks inkişafına səbəb olmuş, tikinti işlərinin əhatə dairəsi xeyli genişlənmişdir. Bu da, nəticə etibarilə, yeni iş yerlərinin açılmasına, məşğulluq probleminin aradan qaldırılmasına və əhalinin rifahının yaxşılaşdırılmasına səbəb olmuşdur.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasından sonra həmin ərazilər tikinti meydançalarına çevrilib. Böyük Qayıdış proqramı ilə şəhər, kənd və qəsəbələrimiz 30 ildən sonra doğma sakinlərinə qovuşur. Düşmən tərəfindən viran qoyulan Qarabağ və Şərqi Zəngəzur dövlətimizin gücü hesabına yenidən ayağa qalxır. Burada yeni binalar ucalır, dağıdılan yaşayış məskənləri ilə yanaşı, tarixi-memarlıq abidələrimiz bərpa edilir. Artıq minlərlə ailə sürətlə aparılan yenidənqurma işlərindən sonra doğma şəhər və kəndlərində yaşayır.

İnşaatçılar Günü təkcə peşə bayramı deyil, həm də bu mühüm sahənin ölkənin gələcəyi üçün nə qədər vacib olduğunu xatırladan bir gündür. Bu gün, şəhərlərimizi gözəlləşdirən, yolları daha təhlükəsiz edən və həyatımızı rahatlaşdıran insanlara hörmət və minnətdarlıq ifadə olunur. Tikinti sektoru sayəsində Azərbaycan dayanıqlı inkişaf yolunda irəliləyir, iqtisadiyyatını gücləndirir və vətəndaşlarının həyat keyfiyyətini yüksəldir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Nuriyev, Eldar Sirac oğlu. Azərbaycanda tikinti: reallıqlar və inkişaf istiqamətləri: [Monoqrafiya] /E. Nuriyev ; elmi red. T. Hüseynov ; Azərb. İnşaat və Memarlıq Elmi-Tədqiqat İn-tu. - Bakı: TUNA, 2022. - 165 s.
  2. Nuriyev, Eldar Sirac oğlu. Heydər Əliyev və Azərbaycanda tikinti kompleksinin inkişafı/E. Nuriyev ; [baş red. N. Cabbarlı ; red.: Z. Mirzə, Q. Təbiətoğlu ; buraxıl. məsul R. Kazımov ; dizayner N. Nəhmətov] ; Azərb. Resp. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərb. İnşaat və Memarlıq Elmi-Tədqiqat İn-tu. - Bakı: Şərq-Qərb, 2023. - 249 s.
  3. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE)/ideya müəl. B. M. İbrahimov ; red. və nəşrə haz.: Z. Mirzə. - C. 9. - Bakı: Şərq-Qərb, 2020. - 214 s.