Azərbaycanın teatr və kino sənətinin bənzərsiz yaradıcılarından biri olan istedadlı rejissor və Xalq artisti Rza Abbasqulu oğlu Təhmasib 20 aprel 1894-cü ildə Naxçıvanda anadan olmuşdur. Kiçik yaşından anasını itirən Rza Təhmasibə, dövrünün tanınmış tacirlərindən olan atası Abbasqulu bəy, bibisi və nənəsi təhsil və tərbiyə vermişlər. Rza Təhmasib 1901-ci ildə Məmmədtağı Sidqinin açdığı “Məktəbi-tərbiyə”də dərs almış, rus, ərəb, fars dilləri, tarix və coğrafiya fənlərini mükəmməl öyrənmişdir. Beş il sonra bu məktəbi bitirərək üçsinifli Naxçıvan şəhər məktəbinə daxil olur.
Aktyorluq sənətinə böyük sevgisi olan R. Təhmasib, səhnəyə ilk dəfə 1907-ci ildə məktəbdə hazırlanan Nikolay Qoqolun “Ölü canlar” tamaşasında Çiçikov rolunda çıxmışdır. Tamaşa rusca oynanılıb. Abbasqulu bəy oğlunun aktyor olmağına razılaşmayaraq onu Tiflisə oxumağa göndərir. 16 yaşında olarkən Tiflisdə səkkizillik ticarət məktəbinin dördüncü sinfində təhsilini davam etdirir. Rza Təhmasib burada oxuyarkən “Müsəlman Artistləri İttifaqı”nın teatr truppasında Azərbaycan teatr həvəskarları dərnəyinə üzv yazılır. Təhmasib 1920-ci ilədək Tiflis, İrəvan, Naxçıvan teatrlarında aktyorluq və rejissorluq fəaliyyəti ilə məşğul olmuşdur. 1920-ci ildən sonra Azərbaycan Dövlət Dram Teatrına dəvət alan R. Təhmasib, 1920-ci ildən 1959-cu ilə qədər Azərbaycan Dövlət Dram Teatrında çalışmışdır. 1922-1924-cü illərdə bu teatrda bədii rəhbər, 1937-1938-ci və 1953-1959-cu illərdə isə direktor kimi fəaliyyət göstərmişdir. 1937-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmişdir.
Rza Təhmasib eyni zamanda diplomatik fəaliyyətlə də məşğul olmuşdur. Buna səbəb onun müxtəlif dilləri sərbəst bilməsi idi. O, diplomatik fəaliyyətə 1917–1918-ci illərdə başlamışdır. Rusiyada baş vermiş burjua inqilabının təsiri ilə Naxçıvanda keçirilən izdihamlı mitinqlərin əsas təşkilatçılarından və natiqlərindən biri olmuşdur. 1918-ci ilin yazında və yayında Naxçıvanda baş verən dəhşətli hadisələr zamanı ermənilərin Nehrəmdə, Şahtaxtıda və başqa kəndlərdə törətdiyi qırğınların qarşısının alınması, Naxçıvan şəhərinin talanlardan qorunması üçün o, özünümüdafiə dəstələrinin tərkibində düşmənə qarşı mübarizə apararaq, erməni quldur dəstələrinə qarşı döyüşmüşdür. Sovet hakimiyyəti qurulduqdan sonra isə, 1921-ci ildə Türkiyədə, diplomatik nümayəndəlikdə tərcüməçi vəzifəsində çalışmaq təklifini alır. Rza Təhmasib burada nümayəndəliyin ən fəal əməkdaşlarından, Azərbaycan SSR-in Türkiyə Cümhuriyyətindəki ilk səfiri olmuş İbrahim Əbilovun yaxın köməkçilərindən birinə çevrilir. Eyni zamanda Türkiyənin mədəni həyatı ilə də yaxından tanış olur. O Türkiyədə nümayəndəliyin təşkil etdiyi tədbir və tamaşalara rejissorluq edir. Belə tədbirlərin keçirilməsində məqsəd Türkiyədəki kimsəsiz uşaqlara maddi yardım göstərmək, qardaş ölkədə zəngin Azərbaycan mədəniyyətini təbliğ etmək olur. Xeyriyyə tədbirlərində Rza Təhmasibin rejissorluğu ilə Ə.Haqverdiyevin "Bəxtsiz cavan" pyesi tamaşaya qoyulub. 1922-ci ildə Vətənə qayıdır və özünü teatr və kino sənətinin inkişafına həsr edir.
Özünün ilk sənədli filmini (“Ordenli Azərbaycan”) Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində oxuyarkən çəkmişdir. Rza Təhmasibin Milli Dram Teatrında rejissor kimi ilk böyük işi Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri olub. İkinci Dünya müharibəsi illərində Mirzə Fətəli Axundovun həyat və yaradıcılığından bəhs edən “Səbuhi” filmini çəkir (1941). “Arşın mal alan” filmi isə Rza Təhmasibin kinoda rejissor kimi ən uğurlu işi hesab edilir. 1945-ci ildə kinorejissor Nikolay Leşşenko ilə birgə yaratdığı bu filmə görə SSRİ Dövlət mükafatına layiq görülür. Filmin uğur qazanmasının səbəblərindən biri də, onun bir rejissor kimi güclü aktyor ansamblı yarada bilməsi idi. Leyla Bədirbəyli, Rəşid Behbudov, Lütfəli Abdullayev, Münəvvər Kələntərli, İsmayıl Əfəndiyev, Mirzəağa Əliyev və digər korifeylər bu filmdə rol alıblar. Kinoda ilk sərbəst rejissor işi "Onu Bağışlamaq Olarmı?" filmi (1959) olub. Filmin ssenarisini rejissorun qardaşı, filoloq-alim Məmmədhüseyn Təhmasib yazmışdır.
Rza Təhmasibin genişmiqyaslı aktyorluq sənətində unudulmaz obrazlar yaratmışdır. Onun məharətlə oynadığı İsgəndər (“Ölülər”), İblis və Arif (“İblis”), Şeyx Sənan (“Şeyx Sənan”), Qacar (“Ağa Məhəmməd Şah Qacar”), Süleyman (“Həyat”) kimi rolları klassik Azərbaycan teatrının ən layiqli sənət nümunələrinə çevrilmişdir. Rza Təhmasibin Cəfər Cabbarlı yaradıcılığına böyük rəğbət bəsləmişdir. Dəfələrlə böyük dramaturqun əsərlərini tamaşaya qoymuşdur. O cümlədən, Aydın və Dövlət bəy (“Aydın”), Elxan və Əbu Übeyd (“Od gəlini”), Balaş (“Sevil”), Hacı Əhməd (“Almaz”), İmamyar (“Yaşar”), General-qubernator (“1905-ci ildə”) rollarını böyük məharətlə oynamışdır. Rza Təhmasib aktyor kimi "Fətəli Xan" filmində (1947) Ağası xan, "Qanun Naminə" filmində isə Qaloş obrazlarını yaradaraq kino tariximizin nadir qəhrəmanlarından birinə çevrilmişdir.
Azərbaycan teatr sənətinin böyük bir dövrü Rza Təhmasib yaradıcılığı ilə bağlı olub. Ötən əsrin 60-cı illərinə qədər Rza Təhmasib milli teatrımızın təşkilatçısı və yaradıcısı kimi mühüm xidmətlər göstərmişdir. Rza Təhmasib "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına (1943), "Şərəf nişanı" ordeninə (1946), “Stalin” mükafatına (1946), “Azərbaycan SSR xalq artisti" fəxri adına (1964) layiq görülmüşdür. Azərbaycanın teatr və kino sənətinin inkişafında Rza Təhmasib müstəsna xidmətlər göstərərək adını incəsənət tarixinə qızıl hərflərlə yazmışdır. Rza Təhmasib 14 fevral 1980-ci ildə Bakıda vəfat edib və ikinci Fəxri xiyabanda dəfn olunmuşdur.
Tövsiyə edilən ədəbiyyat: