Tarixdən səhifələr

İctimai-siyasi xadim Teymur xan Makinski

Teymur xan Makinski 1874-cü ildə İrəvanda anadan olmuşdur. XX əsrin əvvəlində Azərbaycanda milli azadlıq hərəkatının fəal iştirakçılarından biri, ictimai-siyasi xadim olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Teymur xan Makinski İrəvan gimnaziyasını, 1916-cı ildə isə Varşava Universitetinin hüquq fakültəsini birinci dərəcəli diplomla bitirmişdir.

Teymur xan Makinski XX əsrin əvvəlində Azərbaycanda milli azadlıq hərəkatının fəal iştirakçılarından biri olmuşdur. İctimai-siyasi xadim Teymur xan Makinski Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının, Zaqafqaziya Federasiyasının süqutundan sonra isə (1918, 26 may) Azərbaycan Milli Şurasının üzvü olmuşdur.

Milli Şuranın 19 noyabr 1918-ci il tarixli “Azərbaycan Məclisi-Məbusanının (Parlamentinin) təsisi haqqında qanun”una əsasən, seçkisiz Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdir.

Makinski 1918-ci ilin iyun-oktyabr aylarında Azərbaycan Hökuməti ədliyyə nazirinin müavini, oktyabrın 20-dən noyabrın 6-dək Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi olmuş (əslində, bu vəzifəni dekabrın sonuna qədər icra etmişdir), 1918-ci il dekabrın 26-dan 1919-cu il aprelin 14-ə qədər Fətəli xan Xoyskinin 3-cü hökumət kabinəsində ədliyyə naziri vəzifəsini icra etmişdir. O, İrəvan quberniyasında yaşayan azərbaycanlıların erməni zülmündən qorunması məqsədilə 1919-cu ilin yanvarında Bakıda təsis edilmiş İrəvan Quberniyası Həmyerliləri Cəmiyyətinin idarə heyətinin sədri seçilmişdir. 1919-cu ilin iyunundan 1920-ci ilin yanvarına qədər Azərbaycan hərbi məhkəməsinin sədri, 1920-ci ilin martından isə yenidən Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra 1920-ci il mayın 15-də İrəvandakı diplomatik nümayəndəliyin fəaliyyəti Ermənistan hökuməti tərəfindən dayandırılmışdır. Diplomatik nümayəndəliyin başçısı olduğu zaman Zəngibasarda yaşayan soydaşlarımıza maddi yardım göstərdiyinə görə, T.Makinskiyə qarşı Ermənistan prokurorluğu tərəfindən cinayət işi açılmış, lakin o, Gürcüstanın İrəvandakı daimi nümayəndəliyinin yardımı ilə İrəvanı gizlicə tərk edərək mayın 28-də Tiflisə qayıda bilmişdir.

Təəssüf ki, Teymur xan Makinskinin sonrakı taleyi haqqında səhih məlumat yoxdur.

Teymur xan Makinskinin əmisinin oğlu, 1908-ci ildə Peterburq Universitetinin hüquq fakültəsini bitirmiş Abbasəli bəy Makinski Azərbaycan hökumətinin İrəvandakı daimi nümayəndəliyində çalışmışdır. Rus, ingilis, fransız, və alman dillərini bildiyi üçün diplomatik danışıqlarda azərbaycanlıların hüquqlarını müdafiə etmişdir. Abbasəli bəy Makinski 1918-ci ilin payızında Naxçıvanda qurulan Araz-Türk Hökumətinin fəallarından olmuşdur.


Tövsiyə edilən ədəbiyyat:

  1. Mustafa, Nazim. Azərbaycan Xalq Cümhuriyyəti işığında: 1918-1920: araşdırmalar, məqalələr / N. Mustafa. - Bakı : Ulu İKF, 2018. - 256 s.
  2. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları: portret-oçerklər və məqalələr / Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi; red., ön sözün müəl. Ə. A. Rəsulov.- Bakı: Elm və təhsil, 2018.- 248 s.
  3. Yaqublu, Nəsiman Qara oğlu. Cümhuriyyət qurucuları / N. Q. Yaqublu; red. İ. Quliyeva.- Bakı: Nurlar NPM, 2018.- 504 s.
  4. Азербайджанская Демократическая Республика: 1918-1920 / Институт Истории АН Азербайджанской ССР; редкол. Ф. Максудов [и др.]; отв. ред. Н. Агамалиева.- Баку: Элм, 1998.- 316 с.