Tarixdən səhifələr

Azərbaycanın görkəmli şairi, dövlət və ictimai xadim Molla Pənah Vaqif

Molla Pənah Vaqif 1717-ci ildə Qazaxın Salahlı kəndində doğulmuşdur. Şair, dövlət xadimi. Mədrəsə təhsili almışdır. Ərəb, fars dillərini bilmiş, astronomiya və memarlıqla məşğul olmuşdur. Atası Mehdi ağa nüfuzlu adam idi.

Adı Pənah, təxəllüsü Vaqifdir. Hörmətli şəxs olduğu üçün Molla adlandırılmışdır. Mollaxana təhsilini bitirdikdən sonra Vaqif həm müəllimlik etmiş, həm də aşıq şeiri üslubunda «Vaqif» təxəllüsü ilə şeirlər yazmağa dəvət etmişdir.

XVIII əsrdə Gürcüstan sərhədində baş verən münaqişələr bir sıra ailələr kimi, onun da ailəsinin oradan köçməsini zəruri edir. Onlar əvvəl Gəncəyə, sonra Qarabağa, oradan da xanlığın mərkəzi olan Şuşa şəhərinə köçürlər.

Vaqif iki arvad alıb. Birinin adı Qızxanım, o birininki Mədinə olub. Qızxanım Durbənd bəyin qızı idi və gənc yaşlarında özündən çox-çox yaşlı olan Vaqifə ərə getmişdi. Xalq arasında onun qeyri-adi gözəlliyi barədə rəvayətlər dolaşırdı. Vaqifin bir oğlu, iki qızı olub. Onların hamısı Mədinə xanımdan olmuş uşaqlar idilər. Oğlunun adı Əliağa idi, "Alim" təxəllüsü ilə şerilər yazmış və yetkin çağlarında qətlə yetirilmişdi.

İbrahim xan Vaqifi saraya dəvət edir, onu əvvəl eşikağası, sonra isə baş vəzir təyin edir.

Vaqif Vidadi, Hüseyn xan Müştaq, Ağqız oğlu Piri kimi şairlərlə dostluq etmişdir. Onun ən yaxın dostu isə heç şübhəsiz, həmyerlisi və bəzi mənbələrə əsasən, uzaq qohumu Vidadi olub. Vaqif öz qızlarını Vidadinin oğlanlarına ərə vermişdir. Onların müşairəsi (şeirləşməsi) hər iki şairin yaradıcılığında mühüm yer tutur.

Gürcüstan və Rusiya ilə Qarabağ xanlığının siyasi münasibətinin yaxşılaşdırmaq məqsədi ilə Tiflisə səfərə getmişdir. İranın siyasi, hərbi təzyiqlərinə qarşı fəal müqavimət göstərmişdir.

1795-ci ildə Ağa Məhəmməd şah Qacar Şuşaya hücum edir, qalanı 33 gün mühasirədə saxlayır. Amma ala bilmir. Qacar 1797-ci ildə Qarabağ xanlığını cəzalandırmaq üçün yenidən Qarabağa hücum edir. İbrahim xan Balakənə qaynının yanına qaçır, Vaqif isə Şuşada qalır.

Şair həbs edilərək zindana salınır. Lakin Qacar öldürülür, İran qoşunu geri çəkilir. Vaqif həbsdən azad edilir. Məhəmməd bəy Cavanşir hakimiyyəti ələ alır.

1797-ci ildə Vaqifi oğlu Əli bəylə birlikdə edam etdirir. Vaqifin evi talanmış, əlyazmaları itmışdır.

Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə edib. O, qəzəl, təcnis, müxəmməs, müstəzad, müəşşərə, müşairə, məsnəvi və mərsiyələr yazıb. Ancaq onun yaradıcılığının böyük bir qismi, aşıq poeziyasından götürülmüş qoşma növündə yazılmış şerlər təşkil edir. Həmin şerlərin dili xalqın canlı danışığına çox yaxındır. Vaqif ərəb və fars mənşəli sözlərdən bacardıqca az istifadə etmişdir.

Molla Pənah Vaqifin əsərləri bir sıra dillərə tərcümə olunmuş, haqqında romanlar, dramatik poema və opera yazılmışdır. Azərbaycanın müxtəlif yerlərində adı küçə, məktəb və başqa mədəni-maarif müəssisələrinə verilmişdir. Şuşada və Qazaxda büstü qoyulmuş, ev-muzeyi açılmışdır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Xəlilov, Buludxan Əziz oğlu. Molla Pənah Vaqif: özü və tarixin sözü / B. Ə. Xəlilov. - Bakı : Adiloğlu, 2018. - 96 s.
  2. Cəfərov, Nizami Qulu oğlu. Molla Pənah Vaqif / N. Q. Cəfərov ; ön sözün müəl. Ə. M. Qarayev ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Bakı : Renessans-A, 2017. - 240 s.
  3. Molla Pənah Vaqif : həyatı və yaradıcılığı: kollektiv monoqrafiya / İ. Ə. Həbibbəyli, A. B. Mirzəyev, M. Quliyeva [et al.] ; layihənin rəh., ön sözün müəl. İ. Ə. Həbibbəyli ; elmi red. M. Quliyeva ; AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. - Bakı : Elm və təhsil, 2022. - 342 s.
  4. Quliyeva, Mahirə. Molla Pənah Vaqif irsi xalq yaradıcılığı ilə klassik poeziyanın qovşağında = Наследие Вагифа на стыке народного творчества и классической поэзии = Vagif's Heritage In the Junction of Folklore and Classical Poetry / M. Quliyeva ; ön sözün müəl. İ. Həbibbəyli ; red. Q. M. Paşayev ; AMEA Nizami adına Ədəbiyyat İnstitutu. - Bakı : Elm və təhsil, 2018. - 218 s.