Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindəndir. Bakı şəhərindən 373 km, Xankəndidən 11 km məsafədə, dəniz səviyyəsindən 1400 m hündürlükdə, üç tərəfi sıldırım qayalarla əhatə olunmuş dağ yaylasında yerləşir. Şuşa şəhəri zəngin və şanlı tarixi keçmişə malikdir. Eyniadlı rayonun mərkəzidir.
Azərbaycan xalqının tarixi ənənələrinin simvolu olan Şuşa, qədim Xocalı-Gədəbəy mədəniyyətinin (e.ə ikinci minilliyin II yarısı – birinci minilliyin əvvəlləri) əhatə dairəsinə daxil olan ən qədim yaşayış yerlərindən biridir.
XVIII əsrdə Azərbaycan ərazisində müstəqil xanlıqlar yarandı. 1748-ci ildə Qarabağ xanlığının əsasının qoyulması və Şuşa şəhərinin onun paytaxtına çevrilməsi Pənahəli xan Cavanşirin (1748-1763) adı ilə bağlıdır. 1752-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Qarabağ xanı Pənahəli xan Şuşanı paytaxt elan edib oranı möhkəmləndirdi. Şəhər bir müddət Pənahəli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Qala” və “Şuşa” adlandırılmışdır.
Ərazisi dağlıqdır (Qarabağ dağ silsiləsi). Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m. ). Keçəldağ aşırımı Şuşa rayonundadır. Əsasən, Yura və Tabaşir çöküntüləri yayılmışdır. Müxtəlif növ tikinti materialı yataqları və mineral su bulaqları (Turşsu, Şırlan) var. Rayon ərazisindən Qarqar çayı axır. Torpaqları əsasən, qəhvəyi dağ-meşə, çimli dağ-çəməndir. Yüksək dağlıq sahədə subalp və alp çəmənlikləri ilə örtülüdür.
Şuşada Dövlət Dram Tеatrı, Şuşa televiziyası, Dövlət Qarabağ tariхi və Şuşa şəhərinin tariхi muzеyləri, Üzеyir Hacıbəyоvun, Bülbülün, Mir Möhsün Nəvvabın хatirə muzеyləri, Azərbaycan Хalçası Dövlət Muzеyinin filialı, Dövlət Rəsm Qalеrеyası, dörd texnikum, iki inistitut filialı, texniki peşə məktəbi, 25 orta məкtəb, оrta və оrta iхtisas musiqi məкtəbləri, 7 uşaq bağçası, 8 mədəniyyət evi, 17 klub, 31 кitabхana, 40 tibb müəssisəsi, 2 sanatoriya, Uşaq sanatoriyası, Uşaq sağlamlıq məktəbi, 70 yerlik turist bazası, mehmanxana, 5 mədəniyyət və istirahət parkı, 4 kinoteatr, ictimai iaşə obyektləri fəaliyyət göstərirdi.
Şərq musiqi alətləri fabriki, istehsalat kombinatı, çörəkbişirmə müəssisəsi, məişət xidməti kombinatı, rayon İstehlak cəmiyyəti, Kurort ticarəti idarəsi, Bakı "Radioqurma" istehsalat birliyinin 1 №-li istehsalatı, Qarabağ ipək kombinatının 3 №-li toxuculuq sexi, elektrik şəbəkəsi, rayon Maddi-texniki təchizat bazası, Abidələri bərpa idarəsi, Şuşa Tikinti birliyi, Təsərrüfatlar arası tikinti idarəsi, Təmir tikinti idarəsi, Təsərrüfatlar arası təmir tikinti müəssisəsi, Yol istismar idarəsi və s. var idi. Kurort təsərrüfatı inkişaf etmişdi.
Şuşada 17 məhəllə vardı: Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dördlər Qurdu, Hacı Yusifli, Dörd Çinar, Çöl Qala, Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam Qabağı və Təzə məhəllə. Hər məhəllədə hamam, məcid, bulaq vardı. Vaxtilə müstəqil Azərbaycanın memarı olan Heydər Əliyevin abidələr şəhəri adlandırdığı Şuşada 350 hektarlıq qoruq zonasında 300 tarixi abidə, 550 qədim yaşayış binası, 870 m uzunluğunda bərpa olunmuş qala divarları vardı. Tarixi abidələrdən 23-ü respublika və dünya miqyaslı abidələrə aid idi. Şuşada milli abidələrin çoxluğu, onların rəngarənglik baxımından fərqlənməsi, haqlı olaraq, şəhərin mədəniyyətimizin ən zəngin beşiyi adlandırılmasına səbəb olmuşdur. Bu abidələrin çoxu XVIII-XIX əsirlərə aiddir. Şuşada hər bir ev, küçə, möhtəşəm qala divarları, məscidlər, qəd-qamətli minarələr, əzəmətli qəsrlərin qalıqları keçmişimizdən xəbər verir.
8 may 1992-ci il tarixində Şuşanın işğalı zamanı 200 nəfər şəhid olmuş, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüşdür.
Şuşa işğal edilərkən tarixi abidələrimiz vəhşicəsinə dağıdılmış və yerlə yeksan edilmişdir. Erməni silahlı qüvvələri Şuşanı işğal edərkən 15 ədəd etnoqrafik nümunə, 5 ədəd mis məmulatı, 2 ədəd gümüş xəncər, 1 ədəd daş qazan, 20 ədəd daş-qaşla bəzədilmiş müxtəlif əşya və digər qiymətli əşyaları Şuşa şəhər muzeyindən; 5 ədəd qiymətli qədim xalçanı, 4 ədəd kilimi, 5 ədəd xurcunu, 1 ədəd qiymətli nadir çırağı, Üzeyir Hacıbəyovun portretini və çoxsaylı digər qiymətli tarixi əşyaları Qarabağ tarix muzeyindən, Mir Möhsün Nəvvabın və Bülbülün ev muzeyindən olduqca çoxlu qiymətli və nadir əşyaları qarət etmişlər. Şuşa muzеylərinin qiymətli sərvətləri - rəsm və hеyкəltəraşlıq əsərlərini, хalça və хalça məmulatlarını, хalq tətbiqi sənət nümunələrini, arхеоlоji tapıntıları, çох gərəкli sənədləri, Azərbaycanın görкəmli şəхsiyyətlərinin хatirə əşyalarını, digər qiymətli matеrialları Еrmənistana aparmışlar. İndi həmin əşyalar хarici auкsiоnlarda satılır, yaхud müхtəlif sərgi və muzеylərdə dünya ictimaiyyətinə еrməni mədəniyyət nümunəsi кimi təqdim оlunur.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı işə düşdü, sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi.
2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu əks-hücuma keçdi. Azərbaycan qüvvələri əvvəlcə Füzuli və Cəbrayıl istiqamətlərində düşməni ağır məğlubiyyətə uğratdıqdan sonra Hadrut istiqamətində irəlilədi.
Oktyabrın 15-də Hadrutun azad edilməsindən sonra erməni qüvvələri geri çəkilməyə başladı. Azərbaycan hərbi qüvvələri daha sonra Zəngilan və Qubadlı şəhərlərini işğaldan azad etdi və Laçın istiqamətində döyüşlər davam etdirildi. Ordumuzun xüsusi təyinatlı dəstələri meşələri və dağ keçidlərini aşaraq Şuşa rayonunun ərazisinə daxil oldular.
Oktyabr ayı boyunca Şuşadan və eləcə də yaxınlıqdakı kəndlərin ərazisindən Azərbaycan qüvvələri top və raket atəşinə tutulurdu. Oktyabrın 28-də ordumuzun xüsusi təyinatlıları Şuşadan bir neçə kilometr cənub-şərqdə yerləşən Çanaqçı kəndi ətrafında yerləşdilər. Oktyabrın 30-da Daşaltı ətrafında və Şuşa yaxınlığında şiddətli toqquşmalar baş verdi.
Şuşanın relyefi hərbi texnika ilə şəhərə yaxınlaşmağa imkan vermirdi. Ona görə də xüsusi təyinatlı qüvvələr beş gün Şuşa istiqamətində piyada hərəkət etmişdilər. Erməni komandanlığı Azərbaycan ordusunun Qırmızı Bazar qəsəbəsi istiqamətindən irəliləyəcəyini gözləyirdi. Azərbaycan qoşunlarının Şuşaya həmləsinin gözlənildiyi ikinci istiqamət isə Laçın istiqaməti idi. Lakin Azərbaycan ordusunun komandanlığı öz miqyasına, planına və ardıcıllığına görə misli görünməmiş qərar vermişdi. Şuşaya sıx Qarabağ meşələrindən yeni yol açılmışdı. Böyük Tağlardan meşələrlə Şuşaya doğru 3 gün ərzində 42 kilometr uzunluğunda buldozer və əllə yeni yol açılmışdı. Bununla mühəndis-istehkamçılar ensiz dağ cığırını texnikanın hərəkət edə biləcəyi meşə yoluna çevirmişdilər. Nəticədə Azərbaycan bölmələri artilleriya qurğularını Çanaxçı ətrafında yerləşdirə bilmişdi. Azərbaycan dağ piyadalarının uğurlu hücumu mühasirəyə düşən erməni əsgərlərinin sonuncu müqavimətini də qırmışdı.
Azərbaycan döyüşçüləri eyni zamanda, Şuşa-Laçın yolunun bir hissəsinə nəzarəti ələ keçirmişdi. Ermənistan rəsmiləri noyabrın 5-də səhər Şuşanın ağır atəşə tutulduğunu və döyüşlərin ertəsi gün də davam etdiyini bildirmişdi. Azərbaycan qüvvələri şəhəri üç tərəfdən – cənub, qərb və şərqdən mühasirəyə almağı bacarmışdı. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları şəhərin süqutunun labüd olduğunu dərk edib, noyabrın 6-da Şuşanı tərk etmişdi. Ertəsi gün minlərlə erməni Şuşa və Xankəndi şəhərlərindən Ermənistana üz tutmuş, yollarda böyük tıxac yaranmışdı.
Noyabrın 7-də yüngül silah-sursat ilə təchiz edilmiş, hərəsi 100 nəfərdən ibarət olan dörd qrupa bölünmüş 400 nəfərlik Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanın sıldırımlı qayalarına iplərlə dırmaşaraq səhər saatlarında əlbəyaxa döyüş nəticəsində şəhərə müxtəlif istiqamətlərdən daxil olmuşdur. Bununla yanaşı, bir dəstə, Ermənistan tərəfdən əlavə dəstək göndərilməsin deyə, Laçın dəhlizinin qarşısını almış, başqa bir dəstə isə Daşaltını işğaldan azad etdikdən sonra Şuşaya daxil olan qüvvələri atəş dəstəyi ilə təmin etmişdi. Ermənistan qüvvələri günortadan sonra şəhərdən çıxarılmış və noyabrın 8-də səhər Azərbaycan silahlı qüvvələri şəhəri erməni quldurlarından tamamilə təmizləmişdir. Şuşanın işğaldan azad edilməsi taktikası hərb tarixinə yeni yazılan parlaq səhifələrdən biridir.
Həmin gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək, Şuşanın işğaldan azad edilməsi müjdəsini verməyini həyatının ən xoşbəxt günlərdən biri kimi xarakterizə edərək demişdir: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür”.
Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq hər il noyabrın 8-nin Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. 29 dekabr 2020-ci ildə Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Dövlət Şuşanın yaralarının sağalması üçün təxirəsalınmaz tədbirlər həyata keçirir. İşğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin dəstəklənməsi məqsədilə Qarabağ Dirçəliş Fondu yaradılmışdır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 8 noyabr Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur.
Tövsiyə edilən ədəbiyyat: