İslam Əhməd oğlu Səfərli 12 fevral 1923-cü ildə Naxçıvan MSSR-in Babək rayonunun Şəkərabad kəndində dünyaya göz açmışdır. 1930-1937-ci illər Şəkərabad kənd yeddiillik məktəbi oxumuş, 1938-1941-ci illər Naxçıvan şəhər 1 saylı orta məktəbdə təhsilini davam etdirmişdi. 1941-ci il Böyük Vətən müharibəsi başlananda könüllü cəbhəyə getmişdi. 416-cı Azərbaycan Taqanroq diviziyasında kəşfiyyatçı olmuşdur. 1945-ci ildə ordudan tərxis olunması haqqında əmr verilmişdir.
1945-1946-cı illər “Şərq qapısı” qəzetində ədəbi işçi, Naxçıvan Radio Komitəsinin əməkdaşı, eyni zamanda “Azərbaycan gəncləri” qəzetinin xüsusi müxbiri olmuşdur. 1946-1951-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almış, 1948-ci ildə ailə həyatı qurmuşdur. 1951-1952-ci illərdə “Ədəbiyyat” qəzetində incəsənət şöbəsinin müdiri, 1953-1959-cu illərdə isə Azərbaycan radio idarəsinin müxbiri, ədəbi dram şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1973-cü il 21 mart Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin fərmanı ilə “Əməkdar İncəsənət Xadimi” adına layiq görülmüşdür.
Müharibə illərində qələmə aldığı “Ordumuza ithaf”, “Ədəbi gənclik”, “Onüçlər”, “Əmin ol ata!”, “Qoşa söyüd”, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əziz xatirəsinə həsr etdiyi “Təzə çiçəklər”, “Üçüncü hərb istəmirik” və s. şeirləri müharibənin onun hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranmışdır. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapmışdır. “Sınaq gecəsi”, “Çex qızının məhəbbəti”, “Yaralı nəğmə”, “Qığılcım”, “Fırtınalar adası”, “Dəfinə”, “Ələsgər”, “Birinci katib”, “İnsan ləpiri”, “İki bacı”, “Qeyrət qapısı”, “Abşeron yatağı” və s. bir-birindən maraqlı poemaları diqqət çəkmiş, yadda qalan olmuşdu.
İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanmışdır. “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcı”, “Xeyir və Şər” “Dədəgünəş əfsanəsi” və s. müxtəlif vaxtlarda, ayrı-ayrı bölgələrdə tamaşaya qoyulmuş, tamaşaçı rəğbəti qazanmışdır. İslam Səfərli oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi də tanınmışdır. Onun “İki könül bir olanda” (1947) balet-librettosu, “İki qardaş” (1950), “Badamlı kəndinin qızı” (1955) oçerkləri, “Şərqin qalibləri” (1960), “Bir stəkan çay” (1971) kinossenariləri, “Təzə qəsəbədə gülüş”, “Məzhəkli itki” (1973) novellaları və xeyli sayda məqalələri dövrünün nəbzini tutmaq baxımından çox əhəmiyyətlidir. İslam Səfərli tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur. O, A.S.Puşkin, M.A.Svetlov, S.Marşak, M.Kərim, M.Tursunzadə, K.Kaladze, Y.Dolmatovski və b. kimi tanınmış sənətkarların əsərlərindən müvəffəqiyyətlə tərcümələr etmişdir.
Şairin sözlərinə bəstlənmiş “Bakı, sabahın xeyir”, “Zərif gülüşlüm”, “Bir könül sındırmışam”, “Qonaq gəl bizə”, “Bakılı qız”, “Nə vaxta qaldı”, “Ana”, “Ay qaşı, gözü qara qız”, “Ağ xalatlı həkimlər”, “Gəncliyimi gəzirəm”, “Aylı gecələr” və s. bu kimi yüzlərlə mahnı dillər əzbəri olmuş, klassikaya çevrilmiş və indinin özündə də sevilə-sevilə dinlənilir.
İslam Səfərlinin adını əbədiləşdirmək məqsədilə Xəzər dənizində üzən gəmilərin birinə “İslam Səfərli” adı verilib, Bakının mərkəzi küçələrindən biri şairin adını daşıyır, Bakıda yaşadığı binaya (Həsən Seyidbəyli, 30) onun barelyefi – xatirə lövhəsi vurulub.
İslam Səfərlinin 18 kitabı işıq üzü görüb.
Şair İslam Səfərli 6 noyabr 1974-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
Tövsiyə edilən ədəbiyyat: