Tarixdən səhifələr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması

Neft sənayesi həyatımızda olduqca vacib bir rol oynayır. Neft Azərbaycan xalqının milli sərvəti olsa da, uzun illər boyu bu qiymətli sərvət əvvəllər Çar Rusiyasının, sonralar isə Sovet dövləti tərəfindən yetərincə istismar olunub. Lakin dövlət müstəqilliyimizi yenidən bərpa etdikdən sonra iqtisadiyyatı dərin tənəzzül keçirən Azərbaycan ilk növbədə məhz özünün zəngin karbohidrogen ehtiyatlarından Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yararlana bilib. 1990‐cı illərin əvvəllərində siyasi, iqtisadi və hərbi baxımdan çətin dövr keçirən Azərbaycan Heydər Əliyevin gərgin mübarizəsi nəticəsində  “Əsrin müqaviləsi” nin imzalanmasına nail olur. Ulu Öndər Heydər Əliyev uzun çəkən danışıqlardan sonra dünyanın məşhur neft şirkətlərini bu işə cəlb etməklə neftdən əldə olunan bütün gəlirləri, həm siyasi, həm də iqtisadi cəhətdən Azərbaycan xalqının gələcək mənafeyinə və rifahına yönəldir.

Ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi neft strategiyasının növbəti mərhələsi ölkənin neft yataqlarının xarici şirkətlər ilə birgə işlənməsindən əldə edilən neft gəlirlərinin toplanaraq səmərəli idarə edilməsi, gələcək nəsillər üçün saxlanılmasının təmin edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təşkil edib. Bu məqsədlə ulu öndər Heydər Əliyevin 1999-cu il 29 dekabr tarixli 240 nömrəli Fərman ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunu (ARDNF) təsis edir. Neft Fondunun Əsasnaməsi 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərman ilə təsdiq olunub.

Müasir dövrdə neft hər bir ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında və sosial‐iqtisadi inkişafında mühüm yer tutur. Dövlət Neft Fondu neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı ölkəmizin əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə olunmasını və gələcək nəsillər üçün saxlanılmasını təmin edir. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Bu fondun təsis edilməsində əsas məqsəd neft amilini ölkənin strateji maraqlarına xidmət etməsini təmin etməkdir. Milli neft strategiyası xarici sərmayənin və təcrübənin cəlb olunmasını, çoxvariantlı ixrac sisteminin yaradılmasını və əldə olunmuş gəlirlərin səmərəli, şəffaf idarə edilməsi və istifadə olunmasını nəzərdə tutub.

Fond hazırda mühüm sosial-iqtisadi layihələri maliyyələşdirir ki, onların uğurlu icrası ölkənin hərtərəfli inkişafına xidmət edir.

Bu gün ARDNF tərəfindən həmin vəsaitlər səmərəli şəkildə idarə edilir, ölkəmizin sosial-iqtisadi tərəqqisi naminə mühüm layihələrin maliyyələşdirilməsi həyata keçirilir. Azərbaycan bütün sahələrdə olduğu kimi neft sahəsində də, sıçrayışlı inkişaf əldə edib və bu inkişaf ölkənin iqtisadi artım tempinə, sənaye istehsalının, investisiyaların həcminə, büdcə imkanlarının genişlənməsinə əhəmiyyətli təsir göstərir. Ölkənin durmadan artan maliyyə imkanları hesabına yeni layihələr həyata keçirilir, regionların inkişafı, infrastrukturun yenilənməsi, qeyri-neft sektorunun tərəqqisi, yeni iş yerlərinin açılması istiqamətində saysız nailiyyətlər əldə edilib. Ölkənin iqtisadi inkişafının stimullaşdırılmasında, strateji əhəmiyyətli dövlət proqramları və layihələrin həyata keçirilməsində Dövlət Neft Fondu mühüm töhvə verir. Bu məqsədlə artan neft gəlirləri, o cümlədən fondun vəsaiti hesabına ölkədə mühüm infrastruktur və sosialyönümlü layihələrin maliyyələşdirilməsi təmin edilib.

Yaradıldığı gündən etibarən şəffaflıq Dövlət Neft Fondunun fəaliyyətinin əsas prinsiplərindən birini təşkil edir. Məhz şəffaf fəaliyyətinin nəticəsi olaraq 2007-ci ilin mayında ARDNF “BMT-nin Dövlət Qulluğu Mükafatı” ilə təltif edilib. Dövlət Neft Fondu Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında bu mükafata layiq görülən birinci dövlət qurumudur.  ARDNF tərəfindən maliyyələşdirilən mühüm layihələrdən biri də Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” oldu.

Fəaliyyətə başladığı vaxtdan etibarən ARDNF qarşısına qoyulan məqsədlərə nail olmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirib, bu öhdəlikləri layiqincə yerinə yetirib. Qısa müddətdə beynəlxalq səviyyədə tanınan fonda çevrilən Dövlət Neft Fondu hazırda dünyanın 60 ən şəffaf suveren fondları siyahısında ön sıralarda qərarlaşıb.

Bu gün Dövlət Neft Fondu institusional cəhətdən formalaşmaqla bərabər, ölkə daxilində və eləcə də beynəlxalq səviyyədə tanınan və vəsaitlərin idarə edilməsi və şəffaflığın təmin olunması baxımından digər dövlətlərə öz təcrübəsini bölüşməyə qadir olan bir quruma çevrilib. ARDNF-nin həm Azərbaycanda, həm də beynəlxalq arenada yüksək uğur və nüfuz qazanması kollektiv iş və birgə səy nəticəsində əldə edilib. Ümummilli Lider tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən Dövlət Neft Fondu hər zaman olduğu kimi gələcəkdə də öz xalqının və gələcək nəsillərin rifahı üçün sədaqətlə xidmət edəcəkdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Azərbaycan Respublikası Dövlət Neft Fondu haqqında / Himayədar Humanitar Təşkilatının nəzdindəki Azərbaycanın Neft Sənayesi üzrə İnformasiya və Resurs Mərkəzi ; tərt.: A. N. Muradov, R. Nurəliyev, M. Ə. Mahmudov ; red.: H. Rizvanqızı, İ. Məmmədli. - Bakı : Azərnəşr, 2006. - 332 s.
  2. Azərbaycan Respublikası Dövlət Neft Fondu. - Bakı : n. y., n. i. y. - 20 s.
  3. Abbasov, Çingiz Mikayıl oğlu. Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya yolları [Mətn] : [monoqrafiya] /Ç. М. Аbbasov ; məs. red. Ə. Х. Nuriyev ; rus dilindən tərc. ed. А. Q. Rəhmanov; Azərb. Resp. Prezidenti yanında Dövlət İdarəçilik Akad.; Geostrateji Araşdırmalar Mərkəzi; Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu. - Bakı: Elm, 2005. - 252 s.