Tarixdən səhifələr

Azərbaycanın Xalq artisti, tarzən Ramiz Quliyev

Ramiz Əyyub oğlu Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyli adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964-1969-cu illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.

Ağdam musiqi məktəbində oxuduğu illərdə "Şur" xalq çalğı alətləri ansamblının tərkibində bir çox müsabiqə və festivallarda, 1961-ci ildə Moskvada keçirilən Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində iştirak edib, medal və fəxri fərmanlarla təltif olunub. Rayon pionerlər evində tar ixtisası üzrə dərnək rəhbəri və Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dram Teatrında musiqi hissə müdiri olub. 1963-1964-cü illərdə Ağdam 1 nömrəli, 1965-1974-cü illərdə Bakı 1 və 20 nömrəli musiqi məktəblərində, 1974-1992-ci illər ərzində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib. 1992-2002-ci illərdə həmin kafedraya rəhbərlik edib. 2004-cü ildən bugünə qədər “Şifahi ənənəli  Azərbaycan  professional musiqisi və onun yeni istiqamətlərinin tətqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının baş elmi işçi vəzifəsində çalışır.

Türkiyə, Əfqanıstan, Suriya, Hollandiya, İsveçrə, ADR, Pakistan, Əlcəzair, Tunis, AFR, Hindistan, ABŞ, Kanada, Danimarka, İran, İraq, Fransa, İngiltərə, İsrail, Norveç və s. ölkələrdə konsertlər verib. 1989-cu ildə “Böyük İpək yolu” festivalı çərçivəsində Yaponiyanın 30-dan artıq şəhərində konsertlərlə çıxış edib.

1964-1994-cü illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının və Dövlət konsert birliyinin solisti olub. 1994-cü ildə Türkiyənin İzmir şəhərinin Ege Universitetində, 1997-ci ildə İsrailin Qüds şəhərində və 2002-ci ildə Tehran Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Ustad dərsləri” verib. 1981-ci və 1984-cü illərdə XVIII və XIX çağırış Nəsimi rayonu Xalq Deputatları Sovetinə seçilib.

1982-ci ildə “Azərbaycan SSR Əməkdar artisti”, 1988-ci ildə “Azərbaycan SSR Xalq artisti” fəxri adlarına, 1993-cü ildə “Humay” mükafatına, 14 may 2007-ci ildə “Şöhrət” ordeninə, 26 may 2014-cü ildə Azərbaycan Respublikasının Dövlət Mükafatına, 1 may 2017-ci ildə “Şərəf” ordeninə layiq görülüb.


Tövsiyə edilən ədəbiyyat:

  1. Quliyev, Ramiz Əyyub oğlu. Səslən tarım!: Yaradıcılıq xatirələrimin palitrası : [75 : toplu] /R. Quliyev (tərt. ed. və elmi red.) ; red. T. Aydınoğlu [ön söz]. - Bakı: Elm və təhsil, 2022. - 383 s.
  2. Qacar, Mərkəz. (Quliyev Mərkəz Mikayıl oğlu). Ramiz zirvəsi: (poema) /M.Qacar; Red. M.Mahmudov; Ön söz. M.Çəmənli. - Bakı: UniPrint, 2007. - 64 s.