Tarixdən səhifələr

Gəncə şəhərinin tarixi adının bərpası

Gəncənin bir şəhər kimi formalaşması haqqında müxtəlif tarixi fərziyələr mövcuddur. Bəzi alimlər şəhərin yaranmasını e.ə., əksəriyyəti isə orta əsrlərin başlanğıcına aid edirlər. Şəhərin tarixi haqqında danışarkən bu şəhərin sosial-iqtisadi və mədəniyyət mərkəzi olduğunu qeyd etməmək mümkün deyil. Gəncə də ölkəmizin digər şəhərləri (Qəbələ, Naxçıvan, Şəki, Şamaxı) kimi gözəl coğrafi mənzərəyə sahib olan yaşayış məskəni olub tədricən şəhər kimi formalaşmışdır. VII əsrin birinci yarısında Gəncə iranlılar tərəfindən, ikinci yarısında isə ərəblər tərəfindən dağıdılmışdır. VII əsrin axırlarında isə Gəncə ərəblərlə xəzərlərin döyüş meydanına çevrilmişdir. Azərbaycanın ərazisi aramsız olaraq bir-birinin ardınca olan hücumlara məruz qalmış və bunun nəticəsi olaraq Gəncə şəhəri də bu basqınlardan ziyan görmüş və dağıntılara məruz qalmışdır. Aran xanlığının mərkəzi olan Bərdədən sonra Gəncə beynəlxalq ticarətdə mühüm rollardan birini oynamış və karvanların tez-tez keçdiyi və qaldığı yerlərdən biri olmuşdur.

X əsrdən, Bərdənin paytaxt statusunu itirdiyi dövrdən etibarən Gəncə şəhəri ölkənin sosial-iqtisadi və mədəni həyatında vacib rol oynamağa başladı. Şəhərin həyatında ticarət və incəsənət vacib faktorlardan birinə çevrildi. Burda incəsənətin inkişafı üçün hər cür şərait mövcud idi. Dəmir, mis, alüminium və digər mədənlər Gəncə şəhərinin ətrafında fəaliyyət göstərir və yerli sənətkarları xammalla təchiz edirdilər. Gəncə paytaxt olma yolunda xüsusi diqqəti hərbi qüvvəsinin qücləndirilməsinə yönəltmişdi. Həmçinin bu dövrdə qala divarları tikilmiş və onun ətrafında xəndək qazılaraq şəhərin mühafizəsi gücləndirilmişdi. IX-X əsrlərdə Ərəb xəlifətinin zəiflədiyi bir dövrdə Azərbaycanda Şirvanşahlar, Şəddadilər, Salarilər və Rəvvadilər müstəqil feodal dövlətləri yaranmağa başladı. X əsrin ortalarında Gəncə şəhəri Salarılərin hakimiyyəti altında olmuşdur. Daha sonra isə Şəddadilərin paytaxt şəhəri olmuşdur. I Fəzlunun (895-1030) hökmranlığı dövründə Gəncə ən güclü dövrlərini yaşamışdır.

Şəddadilər dövründə qala, saraylar, körpülər və karvansaraylar inşa edilmiş və burda pul kəsilməyə başlanmışdır. Şəhəri əhatə edən yeni və daha davamlı qala inşa edildi. 1063-cü ildə dəmirçi İbrahim məşhur Gəncə darvazalarını tikdi. Gəncənin geniş bir mərkəzə çevrildiyi bir dövrdə onun ərazisi də həmçinin böyüyərək genişləndi. Yeni ticari və sənaye zonaları tikilməyə başladı. İpək və ipək məmulatları nəinki yerli, həmçinin xarici alıcıların da rəğbətini qazandı. Gəncə həm də dini mərkəz sayıla bilərdi. Belə ki, Alban katolikosu mərkəzi Bərdədən Gəncəyə köçmüşdü. XI əsrin ortalarında Azərbaycan Səlcuqların işğalına məruz qalmışdı. Təbrizi tutduqdan sonra I Toğrul (1038-1068) 1054-cü ildə qoşunlarını Gəncə istiqamətində hərəkət elətdirdi. Gəncə hakimi Şavir I Toğrulun vassalı olmağa öz razılığını verdi.

Səlcuqların aramsız basqınları XI əsrin ortalarında Şəddadi hökmdarı III Fəzlunu göstərilən müqavimətin yetərsiz olduğunu görərək gec də olsa təslim olmağa qərar verdi və münasib bir şəraiti gözləyərək yenidən hakimiyyətə gəldi. 1086-cı ildə Səlcuq hökmdarı Məlik şah (1072-1092) öz ordu başçısını, Bugayı Gəncəyə göndərdi. Yerli camaatın güclü müqavimətinə baxmayaraq Səlcuqlar şəhərin zəbtinə nail oldular. Döyüşdə Gəncə hökmdarı III Fəzlunu əsir götürdülər və bununla da 100 ildən artıq hakimiyyətdə olan Şəddadilər sülaləsinin hökmranlığına son verildi. Məlik şah Gəncə hakimi kimi öz oğlu olan Qiyas əd-din Taparı təyin etdi. Qiyas əd-din Məhəmməd Tapar (1105-1117) sultan seçildikdən sonra belə Gəncənin Səlcuq hökmdarı olaraq qaldı.

XII əsrin birinci yarısında Gəncə bir neçə dəfə Gürcü basqınlarına məruz qalmış, buna cavab olaraq Səlcuq ordusu Gürcüstana güclə soxularaq oraları talan etmişdir. Gəncə Səlcuq Türklərinə məğlub olana, yəni XI əsrə qədər Qafqaz Alban xristianlığının mərkəzi olmuşdur. 1139-cu ildə zəlzələ nəticəsində V əsrdə yaranmış orjinal şəhər dağılmış və XII əsrdə əvvəlkindən bir az şərqdə yenidən tikilmişdir. Əsas karvan yollarının üzərində yerləşməsi bu şəhəri vacib ticarət mərkəzlərindən birinə çevirmiş, lakin 1231-ci ildə monqol basqınına məruz qalaraq yenidən dağıdılmışdı. XV əsrdə Gəncə Qaraqoyunlu dövlətinin tərkibinə daxil edilmişdir.

XVI əsrdə isə şəhər Səfəvilər tərəfindən zəbt edilmişdi. 1606-cı ildən 1804-cü ilədək, Rusiya İmperiyasına birləşdiyi dövrə qədər Gəncə İran imperiyasının tərkibində xanlıq mərkəzi olmuşdur. 
1826-cı ildə Rus qoşunları İran qüvvələrini məğlubiyyətə düçar edərək onları burdan sıxışdırıb çıxarmışlar. Çoxlu sayıda erməni, rus, alman köçkünləri burada yerləşdirilmiş. Gəncə şəhəri qısa bir zaman müddətinə 1918-ci ildə yaradılmış müstəqil Azərbaycanın paytaxtı olmuşdur.

Tarixdəki dəyişikliklər həmçinin şəhərin adına da təsir etmişdir. "Gəncə" toponimi kökünü "Gəncək" tayfalarından götürür. Şəhər 1804-cü ildən 1918-ci ilə qədər Çar I Aleksandrın arvadının adıyla Yelizavetpol adlandırılıb.

Gəncə adının yenidən rəsmi qaydada özünə qaytarılmasında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin böyük rolu oldu. 1918-ci il 30 iyulda tarixi qərar qəbul edildi: "Yelizavetpol şəhərinin adı Gəncə və Karyagin qəzasının adı Cəbrayıl qəzası ilə əvəzlənsin". Bu əlamətdar hadisəni xalq çox razılıqla qarşıladı, hətta xeyli sayda qurbanlar da kəsdi. Çünki o vaxta qədər Gəncə sözünü dilinə gətirən hər kəs pulla cərimə ödəməli idi.

Lakin 22 fevral 1935-ci ildə Azərbaycana rəhbərli edən Mir Cəfər Bağırovun təşəbbüsü ilə Gəncə şəhərinin adı Kirovabad adlandırılmışdır. Şəhərə Azərbaycanın işğalında və bu ərazidə ermənilər üçün muxtar vilayətin yaradılmasında böyük rolu olmuş Sergey Mironoviç Kirovun adı verilmişdir.

Sovetlər dönəmində Gəncənin adının bərpası uğrunda ilk addımlar 1980-ci illərdə atılıb. Bu dövrdə respublikaya rəhbərlik edən ictimai-siyasi xadim, Ümummilli lider Heydər Əliyevin tapşırığı ilə Kirovabad şəhəri iki rayona bölünür, rayonlardan birinə Gəncə, digərinə isə Kəpəz adı verilir. Həmçinin orada salınan təzə yaşayış massivi də "Yeni Gəncə" adlandırılır. Ulu öndər Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində Gəncə adının hafizələrdən silinməsinə imkan verilmədi, bu ad yenidən səslənməyə başladı. Beləliklə, Gəncə sözü yenidən rəsmi sənədlərdə işlənildi. Bu, şübhəsiz ki, milli şüura, düşüncəyə təsir edən böyük hadisə oldu. Kirovabad adının Gəncə ilə əvəzlənməsi yolunda həlledici addımlar isə XX yüzilliyin 80-ci illərinin II yarısında atıldı.

1988-ci ilin sonu - 1989-cu ilin əvvəllərindən Gəncə adının bərpası uğrunda çağırışlar artmağa başladı. Belə ki, 1989-cu ilin sentyabr-oktyabr aylarında şəhərin adının dəyişdirilməsi məqsədilə şəhər əhalisi içərisindən imza toplanması kampaniyası başladı. Bu kampaniya nəticəsində 60 minə yaxın imza toplanmışdı. 1989-cu ilin 29 noyabrında Kirovabad Şəhər Xalq Deputatları Sovetinin sessiyasında şəhərin adının bərpası məsələsi müzakirə olunmuşdu. Şəhər XDS İcraiyyə Komitəsi adından Nizami Xəlilov ətraflı məruzə etmişdir. Digər çıxışlardan da sonra Gəncə adının bərpası təklifi qəbul edilmişdi. Həmin ilin 30 dekabrında Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti bu qərarı təsdiq etdi. Qərarda deyilirdi: "Kirovabad şəhərinin Gəncə şəhəri adlandırılması haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı: - Gəncənin tarixi adını bərpa etmək haqqında şəhər vətəndaşlarının, əmək kollektivlərinin və respublikanın geniş ictimaiyyətinin çoxsaylı müraciətini, Kirovabad Şəhər Xalq Deputatları Sovetinin xahişini nəzərə alaraq və Azərbaycan SSR Konstitusiyasının 114-cü maddəsinə (18-ci bənd) uyğun olaraq Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qərara alır: - Kirovabad şəhəri Gəncə şəhəri adlandırılsın". 1990-cı il yanvarın 2-də bu münasibətlə Gəncədə təntənəli iclas keçirildi və xalq bunu böyük ruh yüksəkliyi ilə qarşıladı.

Beləliklə, Azərbaycan rəsmən müstəqil olmamışdan əvvəl Gəncənin tarixi adı özünə qayıdaraq tarixi ədalət bərpa olunur.


Tövsiyə edilən ədəbiyyat:

  1. İsayev, Əhməd Məmməd oğlu. Gəncə və gəncəlilər : tarix, insanlar, talelər: roman-xronika / Ə. M. İsayev; tərt. İ. Əhmədov ; red. T. Həmid. - IV nəşri. - Bakı : Çaşıoğlu, 2008. - 596 s.
  2. Vəlişov, Nazim Tapdıq oğlu. Azərbaycan şəhərləri : respublika tabeliyində olan şəhərlər və qədim Azərbaycan şəhərləri: ensiklopedik bilgilər / N. T. Vəlişov, İ. N. Məmmədov ; ön sözün müəl. Ş. Y. Göyçaylı ; elmi red. K. M. Abdullayev. - Bakı : Vektor Nəşrlər Evi, 2013. - 288 s.
  3. Bağırzadə, Cavid Vəkil oğlu. Gəncə şəhəri müstəqillik dövründə / C. V. Bağırzadə ; elmi red. E. Ə. Aslanova ; Gəncə Dövlət Universiteti. - Bakı : Elm və təhsil, 2014. - 66 s.