Tarixdən səhifələr

Ümumdünya Aviasiya və Kosmonavtika Günü

Ümumbəşəri düşüncələrin bir-birinə qovuşduğu, texnoloji dirçəliş məkanında Azərbaycan tarixən kainat və kosmik fəzanı öyrənən elmi-fəlsəfi cərəyanların mərkəzində olub. Şərq elmi məktəbinin böyük nümayəndəsi Nəsirəddin Tusi (1201-1274) Azərbaycanın mərkəzində yerləşən Marağa şəhərində, şəxsən özü-öz layihəsi ilə inşa etdirdiyi rəsədxanada işləmişdir. Tusinin tikdirdiyi rəsədxana quruluşuna, həcminə və orada görülən elmi araşdırmalara görə şərqin bütün məşhur rəsədxanalarını geridə qoymuşdur. Ora bir növ, bütün dünya üçün astronomiya, coğrafiya və riyaziyyat elmləri üzrə kadrlar yetişdirilməsinin akademiyası sayılıb. Marağa rəsədxanasının astronomiyaya aid ən qiymətli işi “Elxan cədvəlləri” (“Zic Elxani”) əsəridir. Bu əsər dörd kitabdan ibarət olub. Buna oxşar cədvəllər Avropada 400 il sonra yaradılıb. Marağa rəsədxanasında nəinki Günəş və su saatları, Göy qlobusları, armillyar sferalar vardı, o cümlədən, cürbəcür təyinatlı kvadrantlar (divar, hərəkət edən və s.), tutulmaları müşahidə edən, gün bərabərliyini, ekliptikanın mailiyini təyin edən cihazlar müvcud olmuşdur.

Müasir dövrdə milli və regional kosmik agentliklər kosmos haqqında bilikləri genişləndirmək və bütün dünyada insanların həyatını yaxşılaşdırmaq üçün kosmik elm və texnologiyanı tətbiq etmək üçün çalışırlar. Aviasiya və Kosmonavtika gününün təsis edilməsi insanın kosmosa ilk uçuşunu gerçəkləşdirməsi ilə əlaqəlidir. 1961-ci ilin 12 aprelində Yuri Qaqarin kosmosa uçan ilk insan oldu. Cəmi 108 dəqiqə davam edən bu uçuş kosmosun tədqiqinin və mənimsənilməsinin başlanğıcı oldu. Keçmiş SSRİ Ali Sovetinin 1962-ci il 9 aprel tarixli Qərarı ilə 12 aprel - Dünya Aviasiya və Kosmonavtika Günü elan edildi.  Bu bayram əvvəllər 1962-ci ildən başlayaraq ancaq SSRİ-də keçirilirdi. Lakin, BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında yekdilliklə qəbul edilən qətnaməyə əsasən 12 Aprel Beynəxalq Kosmosa Uçuş Günü (Space Probe Day) kimi 1968-ci ildən bütün dünyada qeyd olunur.

Beynəlxalq Astronavtika Federasiyası İkinci Dünya müharibəsindən sonra “soyuq müharibə” dövründə kosmos sahəsində elm adamları arasında dialoqun yenidən qurulması məqsədilə 1951-ci ildə yaradılıb. Hazırda Federasiyanın 110 ölkədən 460-dan çox üzvü var.1950-ci ildən müxtəlif ölkələrdə keçirilərək kosmosun elmi və ümumbəşəri əhəmiyyəti barədə çağırışlar edən Beynəlxalq Astronavtika Federasiyasının (BAF) konqresində Yerin təbii ehtiyatlarının daha operativ və qlobal miqyasda öyrənilməsi məsələləri ön plana çəkilmişdi. Kommunist ideologiyasının ən sərt dövründə ölkəmizdə mühüm elmi və maddi-texniki bazanın yaradılmasına xüsusi önəm verən Ümummilli Liderimiz məhz bu fürsətdən məharətlə yararlanmış, Beynəlxalq Astronavtika Federasiyasının XXIV konqresinin Bakıda keçirilməsinə nail olmuşdur. 24-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanın kosmik tarixində silinməz izlər qoydu. 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinin uğurla başa çatması respublikamızın bu sahədəki potensialına inamı xeyli artırdı. Heydər Əliyevin respublikadan kənarda yüksək dövlət vəzifələrində çalışdığı 1982-ci ildən sonrakı dövrdə də bir sıra nailiyyətlər qazanılmış, təcrübi zavodda hazırlanmış "Pulsar - X1" rentgen teleskopu 15 ilə yaxın "Salyut - 7" və "Mir" kosmik stansiyalarında müvəffəqiyyətlə fəaliyyət göstərmişdir. Təşkilat həmin dövrdə tabeçiliyini bir neçə dəfə dəyişmiş, 1992-ci ildən indiyə qədər Milli Aerokosmik Agentliyi (MAKA) kimi fəaliyyət göstərir.

1988-1993-cü illərdə respublikada baş verən hakimiyyət dəyişikliyi, sosial-iqtisadi sferada müşahidə olunan durğunluq MAKA-nın fəaliyyətindən də yan keçməmiş, bir sıra layihələr başa çatdırılmamışdı. Heydər Əliyevin ikinci dəfə respublikaya rəhbərlik etdiyi 1993-cü ildən sonrakı dövrdə agentliyin həyatında yeni mərhələnin başlanğıcı qoyuldu. Dünyanın tanınmış kosmik elm və tədris mərkəzləri ilə əməkdaşlıq protokolları imzalandı, perspektiv layihələr üzrə yeni mərhələ başladı, mütəxəssislərimiz Avropa və Asiya ölkələrinə dəvət aldılar, gənc kadrlarımız treninq kurslarda iştirak etmək üçün xarici ölkələrin kosmik mərkəzlərinə yollandılar.

Azərbaycanda müasir kosmik sənayenin formalaşması Prezident İlham Əliyevin adı ilə bağlıdır. Digər sahələrdə olduğu kimi bu sahənin də yenidən qurulması və müasir prinsiplərlə formalaşdırılması uzunmüddətli strateji yanaşma ilə mümkün olub. Belə ki, 2008-ci ildə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanıb, 2009-cu ildə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiqlənib, növbəti ildə peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edilib.

2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb. Bu peyk layihələrinin həyata keçirilməsinin əsas məqsədləri ölkənin milli təhlükəsizliyinin təmin olunmasına dəstək verilməsi, sosial-iqtisadi inkişafa töhfə verilməsi, kommersiya fəaliyyətini genişləndirərək peyk layihələrinə yatırılan investisiyaların geri qaytarılması, elmi tədqiqatların aparılmasına dəstək verilməsi və beynəlxalq kosmik təşəbbüslərdə iştirak edərək ölkənin beynəlxalq imicinin yüksəldilməsinə töhfə verməkdir.

Ölkəmizin “Azersky” peyki sayəsində dünyanın istənilən nöqtəsinin yüksək ayırdetməli peyk təsvirlərinə birbaşa çıxış imkanı yaradaraq  kosmosdakı peyklərimiz vasitəsilə ölkəmizin bütün ərazisi nəzarət altında saxlanılır və əldə edilən məlumatlar aidiyyəti dövlət qurumlarına beynəlxalq təşkilatlara təqdim edilir. 2019-cu ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə birgə “Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillər, sübutlar” adlı hesabat hazırlanaraq dünya ictimaiyyətinə təqdim olunub.

“Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi beynəlxalq kosmik layihələr çərçivəsində xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə üzrə qarşılıqlı fayda gətirən əməkdaşlıqlar qurur. “Azərkosmos” 2018-ci ildən artıq Beynəlxalq Astronavtika Federasiyasının üzvlüyünə qəbul olunub, bununla da dünyanın aparıcı elmi mərkəzləri ilə birgə tədqiqatların aparılması imkanı əldə edib.

Azərbaycan Beynəlxalq Astronavtika Konqresinə ikinci dəfə 50 il sonra – 2023-cü ilin oktyabrında BAF konqresinə yenidən evsahibliyi edib. Konqresin ölkəmizdə keçirilməsi barədə qərar 2019-cu ilin oktyabrında ABŞ-ın paytaxtı Vaşinqtonda qəbul edilib. Bu mötəbər tədbirə ev sahibliyi etməyə namizəd şəhərlər arasında Sinqapur, Rio-de-Janeyro və Nyu Delhi də olub. Kəskin rəqabət şəraitində keçən seçkilərdə paytaxtımız qalib gəlib. Hazırda Federasiyanın 110 ölkədən 460-dan çox üzvü var. Prezident İlham Əliyev 2022-ci il 7 fevral tarixində 74 -cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Bakı Konqresində 100-dən artıq ölkədən 5 mindən çox nümayəndənin iştirakı beynəlxalq kosmik məkana daha yaxından inteqrasiya etməyə, müasir texnologiyaların geniş tətbiqinə, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğunun inkişafına əvəzolunmaz şərait yaradıb.

Dünya informasiya məkanına inteqrasiya, innovativ meyarların aşılanması istiqamətində həyata keçirilən islahatlar xalqımızın dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətləri sayəsində həyata keçirilmişdir. Bu sahədə işləyən bütün peşə işçiləri kosmik sənayenin, kosmik müdafiə sənayesinin, kosmik texnologiyaların inkişaf etməsinə, güclənməsinə öz töhvələrini vermiş və onların daha da səylə çalışmalarına şərait yaratmışdır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Kərimov, Kərim Əli oğlu. Səmaya aparan yol : kosmik uçuşlar üzrə SSRİ Dövlət Komissiyası sədrinin qeydləri / K. Ə. Kərimov ; rus dilindən tərc. M. Axundlu ; red. A. M. Paşayev ; Milli Aviasiya Akademiyası, Qafqazın Strateji Tədqiqatlar İnstitutu. - Bakı : Nurlan, 2009. - 344 s.
  2. Şıxlar, Hacı Niftalı. Bizim əfsanəvi kosmos generalımız : [Kərim Kərimov] / N. Şıxlar ; red. R. B. Əsgərov. - Yenidən işlənilmiş nəşr. - Bakı : Müəllim, 2020. - 88 s.
  3. Гулевская, Лидия. 1961. Космос наш : [вся правда о полете Юрия Гагарина] / Л. Гулевская ; отв. ред. В. Обручев ; ред. Н. Биржаков. - М. : Эксмо, 2011. - 208 с.
  4. Сто великих покорителей космоса / авт.-сост. В. М. Ломов. - М. : Вече, 2023. - 384 с.