Tarixdən səhifələr

“Molla Nəsrəddin” jurnalının birinci sayının capı

“Molla Nəsrəddin” həftəlik, illüstrasiyalı ilk satirik jurnal XX əsrin əvvəllərində Azərbaycanda mövcud olan mürəkkəb ictimai-siyasi şəraitdə meydana gəldi. «Molla Nəsrəddin» Azərbaycanda demokratik mətbuatın inkişafına böyük təsir göstərmışdir və çox qısa müddətdə təkcə Azərbaycanda deyil, həm də bütün Yaxın və Orta Şərq ölkələrində ən oxunan nəşrə çevrildi.

1906-cı il fevralın 21-də Cəlil Məmmədquluzadə Tiflis general-qubernatoruna ərizə ilə müraciət edərək Azərbaycan dilində "Molla Nəsrəddin" adlı həftəlik satirik-yumoristik jurnal çıxarmağa icazə istəmişdir.

Martın 4-də Tiflis qubernatoru tərəfindən C.Məmmədquluzadəyə aşağıdakı proqram üzrə jurnal nəşr etməyə icazə verilir: 1. Söhbətlər, 2. Kəskin yazılar, 3. Felyetonlar, 4. Yumoristik şerlər, 5. Yumoristik teleqramlar, 6. Satirik hekayələr, 7. Lətifələr, 8. Poçta qutusu, 9. Yumoristik elanlar, 10. Xüsusi elanlar, 11. Karikaturalar və rəsmlər.

“Molla Nəsrəddin” jurnalının birinci nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə “Qeyrət” mətbəəsində çapdan çıxmışdır. Jurnalın birinci nömrəsi 1.000 nüsxə tirajla çap olunub yayılandan sonra az müddətdə "Molla Nəsrəddin" populyarlaşdı. Jurnalın adı – “Molla Nəsrəddin” bütün Yaxın Şərqdə yumoristik və satirik miniatürlərın və lətifələrin qəhrəmanı kimi tanınan sadəlövh, lakin müdrik mollanın adından yaranmışdır. "Molla Nəsrəddin"in birinci nömrəsinin üz qabığında öz həmvətənlərinin yatmış vəziyyətdə göstərən bir rəsm təsvir olunur. Şərqin müdrik ağsaqqallı olan Molla Nəsrəddin onları oyatmağa çalışır. Bu, jurnalın qayəsini, məqsəd-məramını son dərəcə anlaşıqlı şəkildə ifadə edən məharətli bir karikatura idi. Əsəri milliyyətcə alman olan karikaturaçı-rəssam Oskar Şmerlinq çəkmişdi.

Jurnal 1906-1917-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931 -ci illərdə Bakıda nəşr olunmuşdur. Müəyyən fasilələrlə 25 il fəaliyyət göstərən “Molla Nəsrəddin” jurnalının 741 nömrəsi (Tiflisdə 370, Təbrizdə 8, Bakıda 363) çap edilmişdir. 1906-cı ildən 25 il (fasilələrlə) jurnalın naşiri və redaktoru C.Məmmədquluzadə olmuşdur. 1910-1911 -ci illərdə Məhəmmədəli Sidqizadə (M.Sidqi) bir neçə ay müvəqqəti müdir, Ə.Nəcəfov (Qəmküsar) ikinci redaktor vəzifələrini icra etmişlər. 7 fevral 1925-ci ildən (№ 6) sonuncu nömrəyədək (yanvar, 1931 № 2) jurnal “Heyəti-təhririyyə” imzası ilə çıxmışdır.

“Molla Nəsrəddin” jurnalı Azərbaycan ədəbi-ictimai fikrinə yeni üslub, satirik publisistika, şeir və nəsr janrlarını gətirdi. C.Məmmədquluzadənin təşkilatçılığı ilə dövrün tanınmış şair, yazıçı və jurnalistləri - Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə. Haqverdiyev, Ə.Qəmküsar, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Razi, M.Ə.Möcüz, B.Abbaszadə və O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə kimi karikatura ustalarının birgə fəaliyyəti “Molla Nəsrəddin”i satirik mətbuatın zirvəsinə ucaldaraq ədəbi məktəb səviyyəsinə çatdırmışdır.

«Molla Nəsrəddin» jurnalı təkcə Azərbaycanda deyil, habelə Volqaboyu müsəlmanları arasında, Orta Asiya, İran və Türkiyədə də inqilabi satirik mətbuatın əsasını qoymuşdur. «Molla Nəsrəddin» jurnalının təsiri altında Bakıda «Bəhlul», «Zənbur», «Mirat», «Kəlniyət», «Məzəli», «Tuti», «Babayi Əmir». İrəvanda «Ləklək»; Orenburqda «Qarçıqa», «Çöküc»; Kazanda - «Yaşen», «Yalt-yult»; Həştərxanda - «Tup»; Təbrizdə - «Azərbaycan»; Rəştdə - «Nəsimi-Şimal»; Tehranda «Suri İsrafil», İstanbulda «Qaragöz», «Xoca Nəsrəddin» və başqa jurnallar çıxmışdır.

Jurnal 1931-ci ilə qədər fəaliyyət göstərdi. C.Məmmədquluzadə sovet dövründə də jurnala redaktorluq edir, yeni Azərbaycan əlifbasının tətbiqi istiqamətində fəal iş aparırdı. Amma «Molla Nəsrəddin» sovet hakimiyyəti illərində çox yaşamadı. 1930-cu illərin əvvəllərində hakimiyyət orqanları C.Məmmədquluzadədən tələb etdilər ki, sovet ideologiyasına uyğun gəlməsi üçün jurnalın adını dəyişdirib “Allahsız” qoysun. “Molla Nəsrəddin” Mübariz Allahsızlar İttifaqının (1925-1947-ci illərdə Sovet İttifaqı Kommunist Partiyasının ideoloji-mədəni baxışlarının və siyasətinin təsiri altında formalaşmış fəhlə və ziyalıların ateist və din əleyhinə təşkilatı), orqanına çevrilsə də, “Allahsız” adı ilə nəşr edilməmişdir. Jurnalın əvəzsiz redaktoru bolşevik senzurası ilə barışmadığı üçün tezliklə baş redaktor vəzifəsini tərk etdi. 1931-ci ilin yanvar ayında 2 sayı çapdan çıxdıqdan sonra fəaliyyətini dayandırmışdır.

“Molla Nəsrəddin”lə Azərbaycanda, eləcə də, Yaxın Şərqdə tənqidi realizmin, satirik jurnalistikanın və karikatura sənətinin əsası qoyulub. Jurnal Azərbaycan satirik mətbuatının zirvəsi ilə yanaşı, haqlı olaraq realist yazılı ədəbiyyatımızın milli-mənəvi sərvəti də hesab edilir.

“Molla Nəsrəddin” jurnalının 2017-2018- ci illərdə 10 cilddə latın qrafikası ilə nəşr edilməsi mühüm ədəbi-mədəni hadisədir. Jurnalın 50, 100 və 110 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi “Molla Nəsrəddin” jurnalına dövlət səviyyəsində göstərilən ehtiramın ifadəsidir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Ağayev, İslam Məmməd oğlu. Tarixi yaddaşımızın böyük yadigarı : "Molla Nəsrəddin" satira jurnalının 100 illiyi / İ. M. Ağayev ; red. B. Ə. Nəbiyev. - Bakı : Elm, 2006. - 56 s.
  2. Cavanşir, Həmidə xanım. Xatirələrim / H. Cavanşir ; tərt., rus dilində tərc. M. Vəzir, red. Ə. Ş. Tahirzadə. - II nəşri. - Bakı : Apostrof, 2012. - 400 s.
  3. Hüseynov, Yusif Hüseyn oğlu. Mollanəsrəddinçilərin dünyagörüşünün sosial-fəlsəfi təhlili: müasir yanaşma : monoqrafiya / Y. H. Hüseynov ; elmi red. İ. Ə. Həbibbəyli ; ön sözün müəl. Q. Allahverdiyev ; Naxçıvan Dövlət Universiteti. - Naxçıvan : Əcəmi NPB, 2017. - 288 s.
  4. Namazova, Səba Azad qızı. XX əsr Azərbaycan ədəbiyyatı məsələləri : elmi-nəzəri məqalələr: dərs vəsaiti / S. A. Namazova ; elmi red. A. Məmmədli ; Gəncə Dövlət Universiteti. - Bakı : Elm və təhsil, 2019. - 248 s.
  5. Qasımova, Elmira Kamil qızı. Azərbaycan satirik mətbuatında gizli imzalar : 1906-1920: biblioqrafik göstərici / E. K. Qasımova, A. Əliyeva ; elmi red. Ş. Şamıoğlu ; AMEA Nizami adına Ədəbiyyat İnstitutu. - Bakı : Avropa nəşriyyatı, 2019. - 194 s.