Tarixdən səhifələr

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı

Azərbaycan milli rabitəsi özünəməxsus inkişaf tarixinə malikdir. Hələ 1501-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətai tərəfindən poçtun dövlət səviyyəsində təşkil edilməsinin təməli qoyulmuşdur.

Azərbaycanda ilk rabitə müəssisəsinin - poçtun yaranması XIX əsrin əvvəlinə aid edilir. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılmışdır. 

Bakıda ilk telefon rabitəsi isə, 1881-ci ildə yaradılmış, həmin il dekabrın 6-da "Nobel qardaşları" cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilmişdir. 1885-ci ilə qədər Bakıda artıq 14 telefon xətti mövcud olmuşdur.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan bir neçə ay sonra - oktyabrın 6-da Poçt və Teleqraf Nazirliyi təşkil edilmiş, A. Aşurov nazir təyin olunmuş və nazirlik cümhuriyyətin süqutuna qədər fəaliyyət göstərmişdir. 1919-cu il Martın 1-də Azərbaycan Teleqraf agentliyi təsis olunmuşdur.

1920-ci il aprel ayının 28-də Azərbaycanda Sovet Hakimiyyəti qurulmuş və Poçt və Teleqraf komissarlığı yaradılmışdır. 1926-cı il noyabrın 6-da Azərbaycan dilində müntəzəm radio verilişləri efirə çıxmış, ilk dəfə naqilli radio yayımı fəaliyyətə başlamışdır.

1946-1947-ci illərdə Azərbaycanda yeni iki ATS - Gəncə və Quba, 1948-ci ildə Naxçıvan və Xankəndidə tutumu 200 nömrə olan ATS-lər istifadəyə verildi. 1953-cü ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Rabitə Nazirliyi yenidən yaradılmışdır. 1956-cı ildə Bakıda ilk televiziya mərkəzi yaradılır və ilk dəfə televiziya verilişləri yayımına başlanır.

Azərbaycanda rabitə sahəsinin sürətli inkişaf mərhələsi ümümmilli lider Heydər Əliyevin adıyla bağlıdır. 1970-ci il iyun ayının 24-də Heydər Əliyevin təşəbbüsü ilə "Respublikada rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında" Mərkəzi Komitənin qərar qəbul edilmişdir.

1993-cü ildə ümummilli lider Heydər Əliyev  yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan milli rabitəsi yenidən qurulmaqla inkişaf etməyə başlamışdır. Tədricən bərqərar olan sabitlik şəraitində respublikaya xarici investorlar cəlb olunmuş, rabitə sahəsinin inkişafı yeni mərhələyə qədəm qoymuşdur.

Azərbaycanda rabitənin inkişafı istiqamətində atılmış ən mühüm addımlardan biri Heydər Əliyevin 2003-cü il fevralın 17-də “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003—2012-ci illər)” təsdiq edilməsi haqqında Sərəncamı olub və ötən müddətdə respublikada informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində reallaşdırılan siyasət məhz bu strategiyanın üzərində qurulub.

2004-ü il avqustun 1-də Bakı şəhəri telefon şəbəkəsi 6 rəqəmli nömrələnmə sistemindən 7 rəqəmli nömrələnmə sisteminə keçirildi, 2005-ci il iyunun 14-də “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu, həmin il oktyabrın 1-Azərbaycan və MDB məkanında ilk dəfə olaraq Bakıda yeni nəsil şəbəkə avadanlığı tətbiq edildi, 2006-cı il dekabrın 6-da “Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında” Sərəncam imzalandı.

2009-cu ildə Azərbaycanda kosmik sənayenin qurulması ilə informasiya və kommunikasiya texnologiyaları sahəsinin inkişafında yeni dövr başladı. Belə ki, həmin ilin avqustunda Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiq edildi. Ölkəmizin ilk peyki olan “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya sahəsində digər ölkələrdən asılılığın aradan qaldırılması, yerüstü infrastrukturdan asılı olmadan müxtəlif növ informasiya təhlükəsizliyinin təmin edilməsi, istənilən vaxt istənilən yerdə rabitənin yaradılması kimi üstünlüklərə malikdir. Ölkədə ən müasir standartlara uyğun milli telekommunikasiya, poçt və teleradio infrastrukturu formalaşmış və inkişaf etmişdir.

İşğaldan azad olunmuş ərazilərdə təxminən 50 faiz ərazidə “4G” mobil texnologiyaların şəbəkəsi qurulub, 35 faiz teleradio yayımı bərpa edilib, 4 istiqamətdə poçt xidmətlərinin göstərilməsinə başlanılıb. Eyni zamanda, 1400 kilometr uzunluğunda fiber-optik xətlərin çəkilişi davam etdirilir.

Azərbaycanda İKT-nin inkişafı müasir idarəetmə sistemində ən mühim amilə çevrilmişdir. İKT-nin inkişafı  demək olar ki, idarəetmənin bütün səviyyələrində özünəməxsus yer tutur. İKT-nin inkişafı iqtisadiyyatın təşkilində, daxili və xarici siyasətin önəminin getdikcə artmasına və sosial-iqtisadi, siyasi, mədəni-mənəvi inkişafa təsir edir. XXI əsr yeni insan münasibətlərinin formalaşmasına və yeni istehsal vasitələrinin yaranmasına imkan yaradır. Azərbaycan bu istiqamətdə çox mühüm işlər görür və ölkəmiz dünya informasiya məkanına fəal inteqrasiya edir. Azərbaycan cografi mövqeyinə, müstəqil siyasətinə görə dünya İKT arxitekturasında öz yeri, özünəməxsus imkanları olan bir ölkə kimi tanınır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Salayev, Oktay Ağacan oğlu. Poçt rabitəsinin təşkili və istismarı : orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün dərslik: bu nəşr respublikda poçt rabitəsinə aid ilk dərslikdir / O. A. Salayev, V. V. Əliyev, E. Ş. Kərimli ; red. N. N. Salayeva. - Bakı : MSV Nəşr, 2020. - 304 s.
  2. İsrafilova, Elmira Nəriman qızı. İnformasiya texnologiyaları və sistemləri : dərs vəsaiti / E. N. İsrafilova, N. Ə. Həsənova ; elmi red. R. Ə. Mahmudzadə ; Mingəçevir Politexnik Institutu. - Bakı : Mütərcim, 2015. - 312 s.
  3. Hümbətov, Əlövsət. Azərbaycan rabitəsi müstəqillik dövründə: 1991-2001 /Ə.Hümbətov. - Bакı: Adiloğlu, 2002. - 240 s.
  4. Heydər Əliyevin İKT siyasətinin uğurlu davamı / Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi. – Bakı: Bakı, 2008. – 348 s.
  5. Aslanov, Aslan Əhməd oğlu. İnformasiya yaradıcılığı: standartlar və yeni yanaşmalar: dərslik /A. Aslanov ; elmi red. C. Məmmədli ; red. E. Şahbalayev ; [rəssamlar İ. Rəfibəyli, F. Səfərli]. - Bakı: Şərq-Qərb, 2016. – 199 s.