Tarixdən səhifələr

General Tərlan Əlyarbəyov

Əlyarbəyov Tərlan bəy Abdulla bəy oğlu 1892-ci il noyabrın 28-də Şamaxı şəhərinin Ağsu kəndində zadəgan ailəsində anadan olub. Tərlan bəy 1908-ci ildə Şamaxıdakı altıillik şəhər məktəbini bitirmiş və ordu sıralarına könüllü olaraq piyada kimi yollanmışdır. 1911-ci ildə 3-cü Qafqaz piyada alayının əlaçı əsgəri olan T.Əlyarbəyovu Tiflisdəki Mixaylovsk hərbi piyada məktəbinə oxumağa göndərdilər. 4 illik təhsili zamanı birincilər sırasında olan, bütün fənləri müvəffəqiyyətlə qavrayan Tərlan bəy hərbi məktəbi birinci dərəcəli diplomla bitirərək podporuçik rütbəsində Şamaxıdakı 205-ci piyada alayında xidmətə başladı.

1914-cü ildə I Dünya müharibəsi başlayanda Tərlan bəyin xidmət etdiyi 205-ci alay Qərb cəbhəsinə göndərilir. Əzmkarlığı yüksək qiymətləndirilən bölük komandiri Tərlan bəyə ştabs-kapitan rütbəsi verilir və o, piyada batalyon komandiri kimi məsul vəzifəyə təyin edilir.

1916-cı ilin yayında alayı ilə məşhur Brusilov həmləsində iştirak edən T. Əlyarbəyov qızğın döyüşlərdə sinəsindən ağır yaralanır. Bir müddət Brest hərbi hospitalında müalicə olunduqdan sonra onu müalicəsini davam etdirmək üçün Bakıya göndərirlər.

Azərbaycan Xalq Cümhuriyyəti ordusu yaradılmağa başlayanda onun sıralarına qoşulur və 2-ci piyada alayının komandir köməkçisi vəzifəsinə təyin edilir. Onun alayı ölkədə sabitliyi bərpa etməklə, döyüş hazırlığını artırmaqla məşğul olur. 1919-cu ilin yayında Rusiyanın ağqvardiyaçı generalı A.Denikinin ordusunun Azərbaycana hücum təhlükəsi yarananda 2-ci piyada alayı sərhədlərimizin mühafizəsini gücləndirmək üçün Qusarda yerləşdirilir. Xidmətlərinə görə T. Əlyarbəyova rotmistr rütbəsi verilmiş və o Bakı şəhəri və onun rayonlarının hərbi rəisi təyin edilmişdir. Bu vəzifədə o, Bakı şəhəri və onun ətraf rayonlarının əhalisi arasında hərbi çağırış işinin təşkilinə başçılıq etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun təşəbbüsü ilə təsis edilmiş yeddi hərbi rəislikdən biri olan həmin vəzifənin yaradılmasında məqsəd də hərbi çağırış və səfərbərlik işində mövcud nöqsanları aradan qaldırmaq, bu sahədə yol verilən əyintilərin qarşısını almaq idi. Cümhuriyyətin süqutuna qədər Bakı və onun rayonlarının hərbi rəisi vəzifəsini icra edib.

1920-ci ildə Sovet hakimiyyəti qurulduqdan sonra çağırış və səfərbərlik sahəsində kifayət qədər təcrübəyə malik olduğu üçün Tərlan bəy Əlyarbəyov yüksək hərbi vəzifələrdə işləmiş, 1923-29-cu illərdə Azərbaycan Sovet Sosialist Respublikası hərbi komissarının köməkçisi və ərazi idarəsinin rəisi vəzifəsində çalışmışdır. Tərlan bəy 1925-1931-ci illərdə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvlüyünə namizəd seçilmiş, Azərbaycan SSR Ali Sovetinin 2-ci çağırış deputatı olmuşdur. 1927-ci ildə o Moskvada M.V.Frunze adına Hərbi Akademiya yanında Ali komanda heyəti kursunu bitirmiş, 1930-38-ci illərdə Cənubi Qafqazın müxtəlif hərbi məktəblərində işləmiş, 1937-1941-ci illərdə M.V.Frunze adına Ali Hərbi Akademiyada oxumuşdur.

Tərlan bəy akademiyanı bitirəndə artıq Böyük Vətən müharibəsi başlamışdı. 1942-ci ildə Şimali Qafqazda yaranan ağır hərbi vəziyyəti nəzərə alaraq SSRİ rəhbərliyi azərbaycanlılardan ibarət milli diviziyaların sayını artırmışdı. Milli zabitlərə olan ehtiyacı ödəmək üçün azərbaycanlı zabitlər bu hissələrə təyinat alırdılar. Tərlan bəyə yaxşı mütəxəssis olduğu üçün 416-cı diviziyaya zabitlərin yığılması, onların hərbi hazırlığına nəzarət tapşırılır. Artıq polkovnik rütbəsində olan T. Əlyarbəyov 416-cı milli Azərbaycan atıcı diviziyasının komandir müavini, üç ay sonra isə komandiri təyin edilir. Daha sonra T.Əlyarbəyov 402-ci milli atıcı diviziyaya komandir təyin edilir.

1944-cü ildə 58-ci korpusun komandir müavini kimi məsul vəzifədə çalışan Tərlan bəy Əlyarbəyova həmin il fevralın 9-da general-mayor rütbəsi verilmişdir.

1946-1948-ci illərdə Azərbaycan SSR Maarif nazirinin müdafiə işləri üzrə müavini vəzifəsində çalışıb və 1948-ci ildə istefaya çıxıb.

1956-cı il fevral ayının 15-də general Tərlan bəy Əlyarbəyov 63 yaşında Bakı şəhərində vəfat etmişdi.

Xidmət illərində Tərlan bəy Çar Rusiyasının "Müqəddəs Anna" ordeninin 4-cü və "Müqəddəs Stanislav" ordeninin 3-cü dərəcələri, Sovet İttifaqının Lenin ordeni, Qırmızı Bayraq, Qırmızı Ulduz ordenləri və medallarla təltif olunmuşdur.


Tövsiyə edilən ədəbiyyat:

  1. Nəzirli, Şəmistan Əmiraslan oğlu. Topoqraf - general İbrahim ağa Vəkilov / Ş. Ə. Nəzirli ; elmi red. Q. Ş. Məmmədov. - Bakı : Zaman, 2002. - 296 s.
  2. Şüküroğlu, Lətif. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu / L. Şüküroğlu ; red. H. Babayev ; Respublika Veteranlar Təşkilatı. - Bakı : Elm və təhsil, 2018. - 466 s.
  3. Нәзирли, Шәмистан Әмираслан оғлу. Азәрбајҹан ҝенераллары / Ш. Ә. Нәзирли ; ред. Т. Мухтарова. - Бакы : Ҝәнҹлик, 1991. - 204 с.