Tarixdən səhifələr

Azərbaycanın Xalq artisti Sidqi Ruhulla

Ruhulla Fətulla oğlu Axundov (Sidqi Ruhulla) 1886-cı ilin aprel ayının 9-da Bakı qəzasının Buzovna kəndində müəllim ailəsində anadan olmuşdur. Əsl adı Ruhulla, soyadı Axundov olsa da, gəncliyində "Vətən" dramında Sidqi rolunu məharətlə ifa etdiyi üçün yoldaşlarının məsləhəti ilə Sidqi ləqəbini qəbul edib.

O, ibtidai təhsilini bir kənd müəllimindən almışdır. Atası Molla Fətulla Axundov oğlunun mənəvi inkişafında böyük rol oynamışdır. Elmə, sənətə, poeziyaya böyük həvəsi olan Molla Fətulla qış aylarında Bakıda, yayda isə Buzovna kəndində müəllimliklə məşğul olardı. O, klassik Azərbaycan poeziyasının vurğunu idi. Oxuduğu şerləri oğlu Ruhullaya izah edərdi.

1903-cü ildə 17 yaşında ikən atası onu Bakıda varlı bir tacirin dükanına şagird verir. Atasının məqsədi oğlunu ticarətə alışdırmaq idi. Lakin Sidqinin fikri təhsilini davam etdirmək idi. Buna görə də onu "ipə-sapa yatmayan şagird" adlandırırdılar. Sidqi vaxtında dükana gəlməz, günlərinin çoxunu elm sahəsində özündən qüvvətli olan gənc ziyalı yoldaşları ilə birlikdə keçirərdi. Sidqinin gənclik yoldaşlarının çoxu maarifpərvər və inqilabçı gənclər idi.

1904-cü ildə Sidqinin atası vəfat edir. Sidqi dostlarının məsləhəti ilə atasından qalan ev şeylərini satıb Moskvaya oxumağa gedir. Moskvada Sidqi qohumlarının köməyilə təhsilini davam etdirə biləcəyinə ümid edirdi. Lakin bu ümid boşa çıxır. Sidqi Moskvada qala bilməyib, Bakıya qayıdır.

1905-1906-cı illərdə 20 yaşlı Ruhulla bir neçə tətillərdə iştirak edir. Bakının tanınmış inqilabçıları ilə dostluq edir. O, hər hansı bir vasitə ilə xalqına xidmət etməyi qarşısına məqsəd qoyur. İlk növbədə oxumaq, təhsil almaq haqqında düşünür. Təhsil almaq arzusu baş tutmayan Ruhulla 1906-cı ildə Azərbaycan səhnəsinin böyük faciə aktyoru Hüseyn Ərəblinski ilə tanış olur. O, Ərəblinskini ilk dəfə Mirzə Fətəli Axundovun "Vəziri xani Lənkəran" komediyasında Teymur ağa rolunda görür. Bu ifadan vəcdə gələn Ruhullanın gələcək taleyi həll olur. Sidqi sanki çoxdan axtardığı bir fəaliyyət sahəsini tapır. Onda hələ uşaqlıqdan aktyor sənətinə böyük həvəs var idi. Ərəblinski ilə dostlaşan Sidqi Ruhulla səhnəyə olan həvəsini ona bildirir. O, Sidqinin səsində, qamətində, mimikasında, jestlərində böyük gələcəyi olan aktyoru əvvəlcədən görə bilir və Sidqini səhnəyə cəlb edir.

1906-cı ildə Sidqi birinci dəfə Vəzirovun "Adı var, özü yox" komediyasında Telli rolunda səhnəyə çıxır. O vaxt milli teatr səhnəsində Azərbaycan qızları olmadığından qadın rollarını kişilər ifa edirdilər.

Sidqi Bakının müxtəlif fəhlə rayonlarında çıxış edir, arabir şəhərdə də tamaşa verirdi. Sidqinin hələ ilk kiçik rolları onun fövqəladə bir istedada malik olduğunu aydın göstərirdi. Xüsusilə Ərəblinski Sidqinin istedadına çox böyük qiymət verirdi. Ərəblinski Haqverdiyevin "Dağılan tifaq" faciəsinin bir əlyazmasını Sidqiyə bağışlayıb üzərində yazmışdır: "Şagirdim Sidqi Ruhullaya".

1908-ci ildə Bakıda “Dənizçilər kulubu”nda (“Morskoy sobranıe”) Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" faciəsi tamaşaya qoyulur. Burada Rüstəm bəy rolu Sidqiyə tapşırılır. Bu rolda Sidqi öz ifasının təbiiliyi, rolu dərindən hiss edib yaşaması ilə diqqəti cəlb edir. Bu tamaşadan sonra Sidqi hər şeyi buraxıb peşəkar aktyor olmağı qərara alır.

1906-1920-ci illərdə S. Ruhulla təxminən 250-dən artıq şəhər və rayonlar gəzmiş, tamaşaçılar qarşısında çıxışlar etmişdir. O, Moskva, Sankt-Peterburq, Təbriz, Tehran, Rəşt, Qəzvin, İsfahan, Şiraz, Səmərqənd, Buxara, Mərv, Aşqabad, Xarkov, Kiev, Tula, Tiflis, İrəvan, Krasnovodski, Dərbənd, Maxaçqala, Vladiqafqaz, Qroznı, Əndican, Sərab, Ərdəbil, Ənzəli, Kazan, Batum, Odessa, Rostov, Syxym, Yalta, Sevastopol, Simferopol, Tuapse, Soçi və başqa şəhərlərdə olmuşdur.

300-dən çox irili-xırdalı rol oynayan Sidqi Ruhulla həm ayrı-ayrı truppalarda, həm də dövlət teatrında rejissorluq etmişdir. XX əsrin 20-ci illərin əvvəllərində o, aktyorluqdan əlavə, teatrın rejissor ştatında işləyib. Rejissorlardan Hüseyn Ərəblinskinin, Aleksandr İvanovun, Saracan Valentinovun, Hüseynqulu Sarabskinin, Abbasmirzə Şərifzadənin, Aleksandr Tuqanovun, İsmayıl Hidayətzadənin, Yusif Yulduzun, Adil İsgəndərovun, Rza Darablının, Əlihüseyn Rzayevin, Mirseyfəddin Kirmanşahlının, Səftər Turabovun, Əliheydər Ələkbərovun, Məhərrəm Haşımovun və başqalarının quruluşunda milli, klassik və çağdaş dünya dramaturgiyasının tamaşalarında silsilə rollar yaradıb. Azərbaycan klassiklərindən, demək olar, hamısının pyeslərində bir neçə quruluşda əsas rolları oynayıb.

Sidqinin səhnə fəaliyyəti ilə yanaşı öz sənəti ilə əlaqədar olan ictimai fəaliyyətini də qeyd etmək lazımdır. Yeni nəsil aktyor və aktrisalarımızın tərbiyəsində, başqa görkəmli səhnə ustalarımız kimi, Sidqinin də böyük xidməti olmuşdur.

O zaman sovet dövləti görkəmli səhnə xadimi Sidqi Ruhullanın xidmətinə böyük qiymət vermişdir. 1931-ci ildə Sidqi Ruhulla Azərbaycan SSR-nin əməkdar artisti, 1938-ci ildə Azərbaycan SSR xalq artisti, 1949-cu ildə SSRİ xalq artisti adını almışdır. Sidqi Ruhulla 1945-1946-cı illərdə "Qırmızı Əmək Bayrağı" ordeni ilə, "Əmək igidliyinə görə" və "Qafqazın müdafiəsi üçün" medalları ilə təltif olunmuşdur.

1956-cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti Sidqi Ruhullanı anadan olmasının 70 illiyi və səhnə fəaliyyətinin 50 illiyi münasibətilə "Lenin ordeni" ilə təltif etmişdir.

Sidqi Ruhulla 1959-cu ildə 73 yaşında Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn edilmişdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Axundov, İmran Adil oğlu. Sidqi Ruhulla : monoqrafiya / İ. A. Axundov ; red. H. M. Nəbili. - Bakı : ADPU nəşriyyatı, 2019. - 167 s.
  2. Hüseynoğlu, Sərvaz. Sidqi Ruhulla / S. Hüseynoğlu. - Bakı : Şərq-Qərb, 2017. - 112 s.
  3. Rəhimli, İlham Əziz oğlu. Səhnə fədailəri : 3 cilddə / İ. Ə. Rəhimli. I cild. - Bakı : Şərq-Qərb, 2018. - 616 s.